Səhiyyə nazirinin ifadə azadlığının sərhədləri
Analiz
Estetik əməliyyat nəticəsində həyatını itirən Səbirə Vəliyevanın anası Sara Qəhrəmanova səhiyyə naziri Teymur Musayevin xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb olunması üçün Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəməyə müraciətin səbəbi nazirin parlamentdə çıxışı zamanı Qəhrəmanovanın əməliyyat zamanı vəfat etmiş qızına dair səsləndirdiyi fikirləri olub.
T.Musayev parlamentdə qeyd edib ki, “bütün qohumları da bilirdi ki, o insan tibb ixtisası daşıyıcısı deyil (estetik əməliyyatı keçirən şəxsi nəzərdə tutur- red.). Səhiyyə Nazirliyi məhz tibb işçilərinə cavabdeh ola bilər. O, artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb. Hər hansı bir insan dələduzluq fəaliyyəti ilə məşğul olursa, istər tibb, istər mühəndislik və s. buna mərkəzi icra hakimiyyəti orqanı cavabdeh ola bilməz”.
S.Qəhrəmanova isə iddia edir ki, nazirin məsələ barədə yetərincə məlumatı olmasına baxmayaraq, parlamentdə söylədiyi fikirlər gerçək vəziyyəti əks etdirmir. O, nazirin Cinayət Məcəlləsinin (bundan sonra, CM) 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmağını tələb etsə də, məhkəmə şikayətin icraata götürülməsindən imtina edib. Məhkəmənin gəldiyi qənaətə əsasən, nazirin dedikləri xüsusi ittihamçının zərərinə deyil, xeyrinə səsləndirilmiş fikirlərdir. Böhtan və təhqir elementi mövcud olmadığından məhkəmə şikayətin əsasız olduğu qənaətinə gəlib.
“Tribunat” nazirin səsləndirdiyi fikirlərin yarada biləcəyi məsuliyyəti və bunun ifadə azadlığı ilə əlaqələrini araşdırıb.
İfadə azadlığı yerli və beynəlxalq insan hüquqları sənədləri ilə mühafizə olunur. Konstitusiyanın 47, Avropa İnsan Hüquqları Konvensiyasının (bundan sonra, AİHK) 10, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19 və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 19-cu maddələri ifadə azadlığını tanıyır və qoruyur.
Lakin ifadə azadlığı mütləq hüquq deyil, yerli və beynəlxalq qanunvericilik bu hüquqa məhdudiyyət çərçivələrini müəyyən edir. Məsələn, AİHK-in 10 (2)-ci maddəsində qeyd edilir ki, “bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”.
Bu kontekstdə iki sualı aydınlaşdırmaq lazım gəlir:
1. Nazirin dedikləri ifadə azadlığı çərçivəsindədir?
2. Nazirə (tətbiq olunması xüsusi ittihamçı tərəfindən tələb edilən) sanksiya ifadə azadlığını pozan məhdudiyyət hesab edilirmi?
Vəzifəli şəxsin ifadə azadlığına qoyulan məhdudiyyət həmin şəxsin statusu və səlahiyyətlərindən irəli gələn məsələlərlə bağlıdır. Geniş miqyasda qəbul edilmiş prinsip bundan ibarətdir ki, vəzifəli şəxslər özlərini labüd olaraq və bilərəkdən jurnalistlər və geniş ictimaiyyət tərəfindən hər söz və hərəkətləri üçün ciddi nəzarətə məruz qoyurlar (Aksel Springer AG Almaniyaya qarşı (no.2), §67).
Bu isə o deməkdir ki, səhiyyə naziri Teymur Musayevin ifadə azadlığının sərhədləri, digər şəxslərə nisbətdə daha dar təfsir edilməlidir. Onun uğursuz sonluqla nəticələnmiş cərrahi əməliyyat barədə fikirləri, əməliyyatda vəfat etmiş şəxsin və yaxınlarının reputasiyasına toxunmaqla baş vermiş hadisələrlə uyğunluq təşkil etməyən informasiyanı əks etdirir. Nazirin parlamentdəki çıxışının əsas leytmotivini vəfat etmiş şəxsin ailəsinin əməliyyatı həyata keçirən şəxsin ixtisaslı tibb işçisi olmadığından xəbərdar olması təşkil edir.
Halbuki, əməliyyat nəticəsində həyatını itirən Səbirə Vəliyevanın anası Sara Qəhrəmanova hesab edir ki, bu mövqe reallığı əks etdirmir.
Hesab etmək olar ki, nazirin parlamentdə bu mövqeyi səsləndirməsi deputatlardan birinin səhiyyə sahəsində olan tənqidlərindən yayınmaq məqsədi daşıyırdı. T.Musayevin Səhiyyə Nazirliyinin ümumiyyətlə bu məsələlərə məsuliyyət daşımadığını bəyan etməsi də bunu bir daha təsdiq edir.
Səbirə Vəliyevanın vəfat etdiyi cərrahi əməliyyatı keçirmiş Ülviyyə İlyasova haqda cinayət işinin materiallarından belə məlum olur ki, onun bu cür tibbi manipulyasiyaları həyata keçirmək üçün müvafiq təhsili və ixtisası olmayıb. Özəl tibbi fəaliyyətin tənzimlənməsi Səhiyyə Nazirliyinin səlahiyyətində olan məsələdir, “Tribunat” plastik cərrahiyyə sahəsindəki problemlərdən keçmiş təhlillərin birində daha ətraflı bəhs edib. Bu sahədə hərc-mərcliyin yaranmasının əsas səbəblərindən biri də Səhiyyə Nazirliyin səriştəsiz fəaliyyətidir. Bu mənada səhiyyə nazirinin səsləndirdiyi fikirlər yaranmış situasiyanın səbəblərini təhlil etməyə və qiymətləndirməyə yönəlmiş məzmunda deyil, daha çox uğursuz əməliyyatın səbəbi kimi vəfat etmiş şəxsin ailəsini vurğulamaq niyyəti güdüb. Səlahiyyətli şəxslərin ifadə azadlığının dar çərçivəsini nəzərə alaraq Musayev bu cür açıqlamalarında daha diqqətli olmalı idi. Onun nazir kimi malik olduğu məlumatları və Ülviyyə İlyasovanın təqsirləndirildiyi cinayət işinə dair məhkəmə hökmünün oxunmasını nəzərə alsaq, belə imkanları vardı.
Yeri gəlmişkən, məhkəmənin hökmünə əsasən ölümlə nəticələnən estetik əməliyyatı həyata keçirmiş Ü.İlyasova CM-in 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə təqsirli bilinərək, üç il müddətə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, üç il iki ay müddətə azadlıqdan məhrum edilib.
CM-in 147 və 148-ci maddələri ifadə azadlığını məhdudlaşdıran olmaqla, böhtan halında şəxsin bilərəkdən yalan olduğunu bildiyi informasiyanı paylaşmasını, təhqir halında isə nalayiq formada qəsdən alçaltmasını sanksiyalaşdırır. Hər iki maddəni birləşdirən ortaq cəhət səsləndirilən fikirlərin kütləvi xarakter daşımasıdır.
Yuxarıda qeyd edildiyi kimi, ifadə azadlığının məhdudlaşdırılması üçün yerli və beynəlxalq qanunvericilik bir neçə əsas təqdim edir. Təhlil edilən hadisəyə ən uyğun əsas isə digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsidir.
“İnformasiya əldə etmək haqqında” Qanunun 6-cı maddəsi informasiyanın əldə olunmasının bir sıra prinsiplərini sadalayır. Həmin prinsiplərdən biri də “ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqlamağa görə vəzifəli şəxslərin təqib olunmaması”dır. Ancaq nazir Teymur Musayevin, xüsusi ittiham qaydasında məsuliyyətə cəlb edilməsi cəhdi ictimaiyyətdə maraq doğuran informasiyanı açıqladığına görə deyil, açıqlamada diffamativ məzmun ehtimalının mövcudluğu ilə şərh edilə bilər.
“Tribunat” bildirir ki, vəzifəli şəxslərin ifadə azadlığının şamil olunduğu fikirlər dar çərçivədə şərh edilməli və onların fikirlərinin ictimai həyatda yaratdığı təsirlər nəzərə alınmalıdır. Bu mənada səhiyyə naziri Teymur Musayev, başçılıq etdiyi nazirliyin səhlənkar və başdansovdu yanaşmasını ört-basdır etmək üçün, faktiki reallıqdan agah olmasına baxmayaraq, hadisənin əsas səbəbi kimi vəfat etmiş şəxsi və ailəsini nişan verir, onların əməliyyatı keçirən şəxsin tibbi ixtisaslı olmamasından xəbərdar olduğunu bildirir. Yerli və beynəlxalq qanunvericilik, digər şəxslərin nüfuz və hüquqlarının müdafiəsi üçün ifadə azadlığının məhdudlaşdırılması imkanını tanıyır. Vəzifəli şəxslərin səhih informasiya verməsi demokratik cəmiyyətdə mühafizə olunmasına ehtiyac olan dəyərdir. Bu, idarəetməni şəffaf və hesabatlı edir. Bu dəyərlə ziddiyətin yaranması ifadə azadlığına müdaxiləni əsaslandıran hal kimi şərh edilə bilər.
Səhiyyə nazirinin 'mətbəxdə cərrahiyyə əməliyyatı'na görə cəzalandırılması tələb edilir; https://www.azadliq.org/a/nazir-teymur-musayev-mehkeme/33479965.html
Elti ölümü, soyad dəyişdirmə, mətbəxdə əməliyyat - fəaliyyəti parlamentdə müzakirə olunan həkim kimdir?; https://teleqraf.az/news/tibb/474842.html
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi; https://e-qanun.az/framework/46947
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - Qərar; https://qafqazinfo.az/news/detail/sehiyye-nazirinin-mehkemeye-verildiyi-is-uzre-qerar-475570
Azərbaycan Respublikasının Konstitusiyası; https://e-qanun.az/framework/897
Avropa İnsan Hüquqları Konvensiyası; https://www.echr.coe.int/documents/d/echr/convention_aze
Ümumdünya İnsan Hüquqları Bəyannaməsi; https://www.coe.int/az/web/compass/the-universal-declaration-of-human-rights-full-version-
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt; https://www.migration.gov.az/content/pdf/5acb034968016_Mülki%20və%20siyasi%20hüquqlar%20haqqında%20Pakt.pdf
Aksel Springer AG Almaniyaya qarşı; https://hudoc.echr.coe.int/fre?i=001-57523
Plastik cərrahiyyə sektorundakı problemlərin səbəbləri…; https://tribunat.info/analiz/plastik-cerrahiyye-sektorundaki-problemlerin-sebebleri
Eltisini mətbəxdə əməliyyat edib ölümünə səbəb olan həkimə - Hökm oxundu; https://qafqazinfo.az/news/detail/eltisini-metbexde-emeliyyat-edib-olumune-sebeb-olan-hekime-hokm-oxundu-472216
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi; https://e-qanun.az/framework/46950
Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında” Qanunu; https://e-qanun.az/framework/11142