logo

Platform for strengthening the rule of law and enlightening citizens in Azerbaijan

Anonim hakimlər

Analysis
Anonim hakimlər

2014-cü ildə “Elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında” Sərəncamın imzalanması Azərbaycanda məhkəmə xidmətlərinin elektronlaşdırılması və rəqəmsallaşdırılması üçün atılan ilk addımlardan oldu. Sərəncamda e-məhkəmə informasiya sisteminin tətbiq edilməsinin məqsədlərindən biri kimi “aşkarlıq və operativliyin, … ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın təmin edilməsi” qeyd olunub. 2020-ci ildə prezident fərmanı ilə “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib. Hazırda fəaliyyət göstərən Vahid Məhkəmə Portalı Məhkəmə-Hüquq Şurasının kurasiyasındadır.

Yaradıldığı dövrdən portalın səciyyəvi cəhətlərindən biri bütün instansiya məhkəmlərinin hakimlərinin yığcam bioqrafiyası, aldığı təhsil, əmək fəaliyyəti və fotoşəkilinin təqdim edilməsi idi. Lakin yenilənmiş portalda sadəcə hakimlərin adı, soyadı, ata adı və çalışdığı məhkəmə instansiyasının adı göstərilir. Nümunə:

Hazırda bu cür məlumatları Ali MəhkəməKonstitusiya Məhkəməsinin hakimləri barədə rəsmi internet resurslarda əldə etmək mümkündürsə, birinci və apellyasiya instansiya məhkəmələrinin hakimlərinə dair məlumatlara çatmaq olmur.

“Tribunat” hakimlər barədə məlumatlara çatımlılığın məhkəmə hakimiyyətinin şəffaflığına təsirini araşdırıb.

Məhkəmə fəaliyyətinin şəffaflığının təmin edilməsinin zəruriyyəti məhkəmənin və hakimlərin yerinə yetirdiyi funksiyalardan irəli gəlir. Konstitusiyanın 125-ci maddəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiya və “Məhkəmə və hakimlər haqqında” Qanun hakim vəzifəsinin yerinə yetirilməsinə dair şəxsi və peşəkar tələblər irəli sürür. Həmçinin, “İnformasiya əldə etmək haqqında” Qanunun 29-cu maddəsinə əsasən, məhkəmə aktları açıqlanması məcburi olan informasiya hesab edilir.

Məhkəmə və hakimlərin həyata keçirdiyi funksiyalar ictimai xarakter daşıyır. Konstitusiyanın 127-ci maddəsi məhkəmə işlərinin icraatının açıqlığı prinsipini təsbit edir. Digər hakimiyyət qollarının fəaliyyətinin səmərəliliyi açıqlıq, şəffaflıq və hesabatlılığın təmin olunması ilə səciyyələndiyi kimi, məhkəmə hakimiyyəti də bu prinsiplərə əməl etməlidir. Məhkəmə və hakimlər barədə məlumatların təfərrüatlı olması fəaliyyətin üzərində ictimai nəzarətin mövcudluğunu mümkün edir.  

Məhkəmə hakimiyyətinin açıq və şəffaflığı hakimlərin fərdi məsuliyyəti ilə birbaşa bağlıdır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 92-ci maddəsi hər bir hakimin fərdi məsuliyyətini təyin edir. Hakimlərin fərdi məsuliyyəti həmçinin Hakimlərin Etik Davranış Kodeksinin əsas elementlərindən biridir. 

“İnformasiya əldə etmək haqqında” Qanunun 9-cu maddəsinə əsasən, məhkəmələr informasiya sahibləri hesab edilir və bununla uyğun öhdəliklər icra edilməlidir. Qanunun 29-cu maddəsi dövlət orqanlarının vəzifəli şəxslərinin “adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanları, həmçinin onların təhsili və ixtisasları barədə məlumatlar”ın açıqlamasını məcburi edir. Qanun bu cür informasiyaların açıqlanmasını “cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə” izah edir.

“Elektron məhkəmə informasiya sistemi haqqında Əsasnamə”də portalda yerləşdirilməsi zəruri hesab edilən məlumatlar arasında hakimlər barədə məlumatlar qeyd edilməsə də, Əsasnamənin 6-cı maddəsi informasiya sisteminin funksionallığı üçün məlumatların dəqiqliyi, tamlığı, aktuallığı və etibarlılığının təmin edilməsini zəruri bilir. Bu cür portalların fəaliyyətini tənzimləyən “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 2-ci maddəsi belə databazaların formalaşdırılması üçün əsas prinsiplərdən biri kimi şəffaflığı, yəni “dövlət informasiya ehtiyatının və sisteminin fəaliyyətində və xidmət göstərilməsində aşkarlığın və hesabatlılığın təmin edilməsi”ni elan edir.

Məhkəmə icraatı və hakimlərin şəffaflığı və hesabatlılığı regional və beynəlxalq sənədlərdə də öz əksini tapıb. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya regionları üçün 2010-cu ildə hazırladığı məhkəmə müstəqliyyinə dair Kiyev Tövsiyələri peşəkar hesabatlılığın şəffaflıq vasitəsilə mümkün olduğunu vurğulayır. Tövsiyələrdə bildirilir ki, bir qayda olaraq, proseslər şəffaf keçməlidir, məhkəmə, hakimləri və fəaliyyəti, peşəkar və ictimai hesabatlılıq üçün əlçatan olmalıdır (bənd 32). Birləşmiş Millətlər Təşkilatının hakimlərin və hüquqşünasların müstəqilliyi üzrə Xüsusi Məruzəçisinin məhkəmə şuralarına aid olan hesabatında məhkəmə şuralarının şəffaf və hesabatlı fəaliyyəti mühim şərt kimi vurğulanır. Bunların təmin edilməsi vətəndaşların məhkəmə sisteminə etimadının olması, eləcə də siyasi təsirin və şəxsi maraqların vüsət almamasına qarşı qarantiya üçün əhəmiyyətlidir (bənd 59). Məhkəmə şuraları barədə eyni fikirlər Avropa Şurası CM/Rec (2010) 12 saylı, “Hakimlər: müstəqillik, effektivlik və öhdəliklər” sərlövhəli Tövsiyələrində bölüşülür. Məhkəmə şuraları fəaliyyətində mövcud olan prosedurlar və əsaslandırılmış qərarlar vasitəsilə hakimlərə və cəmiyyətə münasibətdə ən yüksək səviyyədə şəffaflıq nümayiş etdirməlidir (bənd 28). Hakimlərin davranışı üzrə Banqalor prinsipləri də hakimlərin şəffaflığı və hesabatlılığının vacibliyini vurğulayır. Prinsiplərə əsasən, hakimin davranışı insanların məhkəməyə inamını möhkəmləndirməlidir, hakim mütəmadi ictimai təftişdən irəli gələn məhdudiyyətləri qəbul etməlidir (bənd 3.2 və 4.2).

Məhkəmə şəffaflığı və hesabatlılığı Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarında da öz əksini tapıb. Məsələn, Macar Helsinki Cəmiyyəti Macarıstana qarşı işində Məhkəmə icitmaiyyətin ictimai vəzifələrə təyinatlar barədə təfərrüatlı məlumat ala bilməsinə məhdudiyyəti Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin (ifadə azadlığı) pozuntusu olaraq vurğulayıb. Məhkəmə, həmçinin qeyd edib ki, Hökumətlər tərəfindən informasiyanın açıqlanması ictimai işlər, cəmiyyətin maraq doğurduğu məsələlərə dair zəruridir  və insanların ictimai iştirakçılığını təmin etmiş olur (bənd 161).

Şəffaflıq sahəsində yaxşı praktika ilə tanış olmaq üçün uzağa getməyə ehtiyac yoxdur. Qonşu Gürcüstan Ermənistanın məhkəmələrinin rəsmi internet resurslarında bütün instansiya məhkəmələrinin hakimlərinin fotoşəkillərini, bioqrafiyasını və iş təcrübəsi barədə məlumatları asan şəkildə tapmaq mümkündür. Estoniya məhkəmələrinin rəsmi internet resursunda isə nəinki hakimlərin, hətta orada çalışan inzibati işçilərin, katiblərin, tərcüməçilərin, insan resursları üzrə menecerlərin siyahısını əldə etmək mümkündür. Nümunə:

Lori Regional Məhkəməsinin hakimi Varduhi Suruki Hovnayan barədə məlumat (Ermənistan)

Rustavi Şəhər Məhkəməsinin hakimi Madonna Maisuradze barədə məlumat (Gürcüstan)

Viru Rayon Məhkəməsinin hakimlərinin və məhkəmə işçilərinin siyahısı (Estoniya)

Hakimlər məhkəmə hakimiyyətini həyata keçirərək ədalət mühakiməsini və həqiqətin müəyyən edilməsini təmin etmiş olurlar. Hakimlik şəxsi və peşəkar keyfiyyətlər cəhətdən bu ictimai vəzifədə çalışan şəxslərin açıq, şəffaf və hesabatlı olmasını təmin edir. Bu xüsusiyyətlərin realizəsi geniş ictimaiyyətdə məhkəmə sisteminə və ədalətin bərqərar olmasına, hakimlərin məsuliyyəti və hesabatlılığı vasitəsilə etimad yaradır. 

Portalın keçmiş versiyasından fərqli olaraq, yeni versiyasında birinci və apellyasiya instansiya məhkəmələrinin hakimləri barədə məlumatların çıxarılmasının səbəblərinə dair heç bir rəsmi izahat və ya reaksiya mövcud deyil. Hakimlər və onların apardığı işlər barədə məlumatların işıqlandırılması onları ictimai təftişə daha həssas edir və fəaliyyəti üçün dərin məsuliyyət və hesabatlılıq yaradır. Portalın istifadəyə verilməsi dövründən müstəqil media qurumları hakimlərin prosessual pozuntuları, siyasi işlərdə qərəzi, qanundankənar biznes maraqları barədə ara-sıra materiallar dərc ediblər. Portaldakı mənfiyə doğru bu yenilik hakimlər üçün şəffaflıq və hesabatlılığın gətirdiyi risklərin minimallaşdırılması məqsədi güdə bilər. Lakin bu sadəcə fərziyyələrdir; təhlil dərc olunana qədər Məhkəmə-Hüquq Şurasına məsələ ilə bağlı göndərilən informasiya sorğusu cavabsız qalıb, qanunla nəzərdə tutulmuş 7 iş günü müddətində sorğuya cavab verilməyib. 

“Tribunat” yekun olaraq bildirir ki, Vahid Məhkəmə Portalında birinci və apellyasiya instansiyası məhkəmələrinin hakimləri barədə bioqrafik məlumatların çıxarılması yerli qanunvericiliyə, beynəlxalq tövsiyələrə və qabaqcıl praktikalara ziddir. Hakimlər barədə müfəssəl məlumatın olmaması ədalət mühakiməsinin keyfiyyətinə xələl gətirir, cəmiyyətin ictimai proseslərdə iştirakına və təftişinə əngəl yaradır və bu, məhkəmə hakimiyyətinin şəffaflığı baxımdan əhəmiyyətli geriləmə kimi qiymətləndirilməlidir.

“Elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında” Sərəncam; https://e-qanun.az/framework/26996

“Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”; https://e-qanun.az/framework/45080

Vahid Məhkəmə Portalı; https://courts.gov.az

Ali Məhkəmənin rəsmi internet resursu; https://supremecourt.gov.az/az/ali-mehkeme/hakimler

Konstitusiya Məhkəməsinin rəsmi internet resursu; https://www.constcourt.gov.az/az/composition

Azərbaycan Respublikasının Konstitusiyası; https://e-qanun.az/framework/897

“Məhkəmələr və hakimlər haqqında” Qanun; https://e-qanun.az/framework/3933

“İnformasiya əldə etmək haqqında” Qanun; https://e-qanun.az/framework/11142

Hakimlərin Etik Davranış Kodeksi; https://e-qanun.az/framework/16075

“Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”; https://e-qanun.az/framework/40020

 ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya regionları üçün məhkəmə müstəqliyyinə dair Kiyev Tövsiyələri; https://www.osce.org/files/f/documents/a/3/73487.pdf

 Birləşmiş Millətlər Təşkilatının hakimlərin və hüquqşünasların müstəqilliyi üzrə Xüsusi Məruzəçisinin məhkəmə şuralarına dair hesabatı; https://docs.un.org/en/A/HRC/38/38

 Avropa Şurası CM/Rec (2010) 12 saylı, “Hakimlər: müstəqillik, effektivlik və öhdəliklər” Tövsiyələri; https://rm.coe.int/cmrec-2010-12-on-independence-efficiency-responsibilites-of-judges/16809f007d

Hakimlərin davranışı üzrə Banqalor prinsipləri; https://www.unodc.org/documents/ji/training/bangaloreprinciples.pdf 

Macar Helsinki Cəmiyyəti Macarıstana qarşı; https://hudoc.echr.coe.int/fre?i=001-167828

Avropa İnsan Hüquqları Konvensiyası; https://www.echr.coe.int/documents/d/echr/convention_ENG

 Gürcüstan Respublikasının məhkəmələrinin rəsmi internet resursu; http://www.hcoj.gov.ge/en/

Ermənistan Respublikasının məhkəmələrinin rəsmi internet resursu; https://court.am/hy#

Estoniya Respublikasının məhkəmələrinin rəsmi internet resursu; https://www.kohus.ee/ 

Yasamal Rayon Məhkəməsində hakimin eyni qərarı dəyişməsilə bağlı ikinci qalmaqal; https://www.meydan.tv/az/article/yasamal-rayon-mehkemesinde-hakimin-eyni-qerari-deyismesile-bagli-ikinci-qalmaqal/ 

Sifarişli hökmlərdə ittiham olunan hakim müstəqil vəkilin cəzalandırılmasını istəyir; https://abzas.info/az/2024/10/sifarisli-hokmlrd-ittiham-ol08b024f5-7/ 

Hakim oğlunun idman-fitnes biznesi; https://www.meydan.tv/az/article/hakim-oglunun-idman-fitnes-biznesi/

3 July, 2025