logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının barışıq sazişinə dair qərardadı

Xəbərlər
Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının barışıq sazişinə dair qərardadı

23 fevral 2024-cü ildə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyaları “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Qərardadını elan edib.

“Tribunat” həmin qərardadın icmalını təqdim edir.

Ali Məhkəmənin icraatında olan “barışıq sazişinin etibarsız hesab olunması”na dair mülki iş əvvəllər müəyyən edilmiş hüquqi mövqeden fərqli yanaşmanın tətbiqini zəruri edib.

Belə ki, iş üzrə iddiaçı məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılmasını tələb edib və iddiasını onunla əsaslandırıb ki, sazişi təhdid altında, iradəsinə zidd şəkildə bağlamağa məcbur olub.

Birinci və apellyasiya instansiyası məhkmələri iddiaçının tələbini rədd edib. İşə kassasiya qaydasında baxılarkən mübahisəli məsələyə münasibətdə Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən edilib.

Ali Məhkəmə yerli və beynəlxalq qanunvericiliyi nəzərdən keçirib.

Mülki Məcəllənin 881.1-ci və 881.2-ci maddələrinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.

Barışıq sazişi eyni zamanda, “Mediasiya haqqında” Qanununun 1.0.7-ci maddəsində və “İcra haqqında”  Qanununun  20.1.2-ci maddəsində nəzərdə tutulub.

Barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir.

Tərəflərin öz aralarında sadə yazılı və ya notarial formada bağladıqları, yaxud mediasiya prosesi nəticəsində və ya məhkəmədə əldə etdikləri barışıq sazişlərinin ortaq cəhəti ondan ibarətdir ki, həmin iradə bəyanları məhkəmədə olan mülki prosesin (yaxud məhkəməyə getmə potensialı olan mübahisənin) tamamlanmasını təmin edir.

Sazişin təsdiqləndiyi bütün hallarda barışıq razılaşması üzrə hər hansı iddiaya baxılmır, ona əsaslanan bir tələb (o cümlədən barışıq sazişinin etibarsızlığına dair mübahisə) həll edilmir.

O  da nəzərə alınmalıdır ki, qərardad işi mahiyyəti üzrə həll edən məhkəmə aktı sayılmır.

Mülki Prossesual Məcəllənin 52.5-ci maddəsinə görə, tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Eyni yanaşma “Mediasiya haqqında” Qanunun 34.5-ci və MPM-in 355-26.1-ci maddələrində əks olunub.

Məhkəmə aktından şikayət vermək imkanı barışıq sazişinin özünün etibarsızlığına dair maddi hüquqi əsaslarla iddia qaldırmaq hüququna təsir etmir. Çünki barışıq razılaşması tərəflərin anlaşması ilə bağlanır və məhkəmənin bu barədə, yəni barışığın daxili tərəfinə dair verilmiş bir qərarı olmur. Barışığın daxili tərəfini təşkil edən razılaşma (saziş) ancaq maddi hüquq əsasında yoxlanıla bilər. Ona görə də iradəsi zədələnmiş, yaxud digər əsasla barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs, bu halların təsbit olunması üçün ayrıca iddia qaldırmaq hüququna malikdir. Belə iddiaya məhkəmə tərəfindən ümumi qaydada baxılmaqla barışıq razılaşmasının etibarsız sayılıb- sayılmamasına hüquqi qiymət verilməlidir.

Ali Məhkəmənin kollegiyaları bildirib ki, iddiaçının barışıq sazişinin etibarsızlığına dair tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan MPM-in 261.0.1-ci maddəsi ilə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə işə daha əvvəl baxılmadığından MPM-in 261.0.2-ci maddəsi ilə işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur.

Bu səbəbdən iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıran qanun norması mövcud deyil. Belə olan halda, işin icraatına xitam verilməsi Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsində və Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsində təsbit olunan məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilir.

Məhkəmə tərkibi onu da qeyd edib ki, barışıq sazişinin etibarsız sayılması barədə iddianın qaldırılması, həmin sazişi təsdiqləyən məhkəmə qərardadı əsasında verilmiş icra sənədinin icrasının dayandırılmasına əsas vermir. Belə ki, “İcra haqqında” Qanunda icraatın dayandırılmasının belə bir əsası nəzərdə tutulmayıb. Həmin Qanunun 17.1.4- cü maddəsi isə məhkəmə tərəfindən verilmiş icra sənədlərinə aid deyil.

Sonda Məhkəmə qərara alıb ki, məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılması barədə iddiaya əqdin etibarsızlığına dair qanunda nəzərdə tutulan ümumi əsaslarla baxıla bilər.

 

 

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Qərardadı, https://supremecourt.gov.az/storage/pages/2032/barisiq-sazisinin-etibarsizligi-barede-iddianin-mumkunluyune-dair-qerard.pdf

28 Fevral, 2024