logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Konstitusiya Məhkəməsi Plenumunun vəkil mükafatı ilə bağlı qərarı

Xəbərlər
Konstitusiya Məhkəməsi Plenumunun vəkil mükafatı ilə bağlı qərarı

18 dekabr 2023-cü ildə Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 19-cu maddəsinin III hissəsinin Konstitusiyanın 61-ci maddəsi və Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərar qəbul edib.

Qərarın mətni 25 dekabrda məhkəmənin saytında yerləşdirilib.

“Tribunat”  həmin qərarın qısa məzmununu təqdim edir.

Biləsuvar Rayon Məhkəməsinin icraatında P.Məmmədovun N.Bədirov və R.Bədirova qarşı hüquqi yardımın göstərilməsinə dair müqavilə üzrə ödənilməmiş 6000 manatın tutulması barədə mülki iş olduğu üçün yuxarıda qeyd olunan maddələrin şərh edilməsi üçün həmin məhkəmə Konstitusiya Məhkəməsinin Plenumuna müraciət edib.

Həmin işdə mübahisəli torpaq sahəsi ilə bağlı hüquqlarının müdafiəsi üçün N.Bədirovla P. Məmmədov arasında  8 avqust 2018-ci il tarixli müqavilə bağlanılıb və müqavilədə vəkilə ödəniləcək haqq 70 manat məbləğində müəyyən edilib.

Müqavilə bağlandıqdan sonra onlar bələdiyyə qərarının və torpağın alqı-satqısına dair aktın etibarsız hesab edilməsinə dair iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etsələr də, iddia təmin edilməyib.

Daha sonra P.Məmmədov N.Bədirovun vəkili və nümayəndəsi kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verib. Bununla bağlı tərəflər arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə 6 may 2019-cu il tarixində 1 saylı Əlavə imzalanıb. Həmin Əlavədə hüquqi yardım müqabilində ödəniləcək qonorarın miqdarı “Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-1678/2019 saylı mülki iş üzrə iddia tələbi rədd ediləcəyi təqdirdə 6000 manat məbləğində”, ödənilməsi müddəti isə “iddia tələbinin rədd edilməsinə dair qətnamənin çıxarılması tarixindən 1 ay ərzində” müəyyən edilib.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 noyabr 2019-cu il tarixli qətnaməsi ilə N.Bədirovun apellyasiya şikayəti təmin edilərək iddia tələbi rədd edildiyindən, P.Məmmədov N.Bədirov və R.Bədirovdan müqavilə üzrə nəzərdə tutulmuş 6000 manat məbləğində haqqın ödənilməsini tələb edib. Ancaq cavabdehlər müqavilənin şərtlərini yerinə yetirməkdən boyun qaçırıblar, bildiriblər ki, mübahisəli torpaq sahəsinin və orada inşa edilmiş tikilinin faktiki bazar dəyəri təxminən 15 000 manat olub ki, həmin torpaq sahəsi ilə bağlı mülki iş üzrə yalnız bir instansiya məhkəməsində hüquqi yardım göstərilməsinə görə vəkilə 6000 manat məbləğində pul vəsaitinin ödənilməsi onların maraqları ilə uzlaşmır.

Konstitusiya Məhkəməsi Plenumu daxili və beynəlxalq qanunvericilyi nəzərdən keçirib. Yerli qanunvericilikdə Məhkəmə  Konstitusiyanın 61-ci maddəsinə istinad edərək hər kəsin yüksək səviyyəli hüquqi yardım almaq hüququ olduğunu qeyd edib. Bundan başqa,  Məhkəmə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 5 və 16-cı maddələrinə əsasən qanunvericiliyin vəkilin yardımından istifadə edən şəxs və müvafiq qurum (və ya fərdi qaydada fəaliyyət göstərən vəkil) arasında hüquqi yardımın göstərilməsi ilə bağlı münasibətlərin mülki-hüquqi müqavilə ilə tənzimlənmədiyini vurğulayıb.

Məhkəmə bildirib ki, Mülki Məcəllənin müqavilə azadlığı prinsipi Məcəllənin 6-cı maddəsində öz əksini tapmaqla, mülki hüquq subyektlərinə müstəqil, heç kəsin iradəsindən asılı olmadan, öz mülahizə və istəklərinə görə, mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

Eləcə də Mülki Məcəllənin müqavilə azadlığı adlanan 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı).

Konstitusiya Məhkəməsi həmçinin, hüquqi yardım göstərilməsi ilə bağlı müqavilələr üzrə razılaşdırılmış haqq (qonorar) və mükafatın bir-birindən fərqli anlayışlar olduğunu bildirib. Belə ki, birincisi vəkilə həvalə edilmiş tapşırığın müqabilində, onun üzərinə götürdüyü öhdəlik üzrə icra etdiyi işlərin əvəzi olaraq ödənildiyi və xidmətin nəticəsindən asılı olmadığı halda, ikincisinin isə tərəflər arasında razılaşdırılmış tapşırığın uğurlu həllinə (məsələn, iddianın və ya şikayətin təmin edilməsi, hüquqi yardımla bağlı müraciət edənin maraqlarına uyğun qərarın qəbul edilməsi və s.) görə vəkilə ödənilən əlavə ödəniş olduğu qeyd olunub.

Konstitusiya Məhkəməsi göstərməyi vacib bilib ki, vəkilə ödənilən haqqın işin nəticəsindən asılı olmasına əsaslanan “pactum de quota litis” anlayışı (ödənişin işin uğurlu həllinə bağlı olması) qədim Roma hüququndan gələn və Avropa ölkələrində istifadə edilən anlayışdır.

Məhkəmə vurğulayıb ki, hüquqi yardım xidmətinin göstərilməsinə dair müqavilələr üzrə işin uğurlu nəticəsinə görə əlavə haqqın (mükafatın) ödənilməsi ilə bağlı müddəaların müqavilədə müəyyən edilməsi yolverilən olsa da, bu, həmin müddəaların hər zaman etibarlı hesab edilə biləcəyi kimi qəbul edilməməlidir. Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz.

Sonda  Konstitusiya Məhkəməsi  Plenumu belə qərara alıb:

1. Azərbaycan Konstitusiyasının 61-ci maddəsinin tələbləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələri və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi baxımından hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi ilə bağlı müddəaların daxil edilməsi yol veriləndir.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 339.1 və 560.2-ci maddələrinə uyğun olaraq, hüquqi yardım xidmətinin göstərilməsi haqqında müqavilələrin işin uğurlu nəticəsinə görə mükafatı nəzərdə tutan müddəalarının ağır şərtli əqd olaraq hüquqdan sui-istifadə təşkil edib-etmədiyi məhkəmələr tərəfindən qanunvericiliyin tələbləri və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla müəyyən edilməlidir.

Qərarın tam mətni ilə bu linkdən tanış olun. 

Konstitusiya Məhkəməsi Plenumu 18.12.23 AR MM 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR Qanununun 19-cu mad. III his. AR Konstitusiyasının 61-ci mad. və AR MM 16.1 və 560.2-ci mad. ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarı, https://www.constcourt.gov.az/az/decision/1406 

26 Dekabr, 2023