Konstitusiya Məhkəməsinin birgə nikah dövründə əldə edilmiş əmlakla bağlı mühüm qərarı
XəbərlərKonstitusiya Məhkəməsi Plenumu 28 dekabr 2023-cü ildə Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Konstitusiyasının 29-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair qərarını elan edib.
“Tribunat” həmin qərarın qısa məzmununu təqdim edir.
E.Salmanlı F.Sərkərzadəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib və birgə nikah dövründə əldə edilmiş mənzil üzərində 2/3 hissədə mülkiyyət payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
İddia onunla əsaslandırılıb ki, E.Salmanlı 14 fevral 2007-ci il tarixində F.Sərkərzadə ilə rəsmi nikaha daxil olub və bu nikahdan iki övladı dünyaya gəlib. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 7 may 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulub. Birgə nikah dövründə Bakı şəhəri Nəsimi rayonu Həsən Əliyev küçəsi 1061 bina 8 ünvanında yerləşən 9 saylı mənzili əldə ediblər. Həmin əmlak ümumi birgə mülkiyyət hesab edildiyindən, əmlak üzərində ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilməlidir.
F.Sərkərzadə iddiaya etiraz edərək bildirib ki, iddia predmeti olan mənzilin 48 515 manata alınmasından 3 gün əvvəl onun anası G.Ələkbərovanın mülkiyyətində olan başqa mənzil 120 000 manata satılıb və cavabdehə verilmiş həmin pul vəsaiti hesabına mübahisəli mənzil alınıb. Mübahisəli mənzilin cavabdehin anasının verdiyi vəsait hesabına əldə olunmasına görə həmin əmlak ümumi birgə mülkiyyət kimi qiymətləndirilməməlidir.
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək mübahisəli mənzil üzərində F.Sərkərzadə ilə E.Salmanlının hər birinin 1/2 hissədə pay hüququnun müəyyən edilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilib.
Birinci instansiya məhkəməsinin mövqeyinə görə, nikah müddətində ər-arvadın ümumi gəlirləri hesabına əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Cavabdeh mübahisəli mənzilin onun anasının vəsaiti hesabına əldə olunmasını sübuta yetirə bilmədiyi üçün mənzil ər-arvadın ümumi vəsaiti hesabına əldə olunmuş mənzil hesab edilməlidir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.
Ali Məhkəmənin Mülki Kollegiyasının 3 mart 2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilib və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırıb ki, mübahisəli mənzilin F.Sərkərzadənin anasına məxsus mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına alınmasına dair sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə hüquqi qiymət verilməyib. Bu isə prosessual hüquq normalarının pozulması və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnib.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilib.
Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, mübahisəli əmlak tərəflərin ümumi gəlirləri deyil, F.Sərkərzadənin anası G.Ələkbərovaya məxsus mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına alındığından, həmin əmlak onların ümumi birgə mülkiyyəti sayıla bilməz.
Ali Məhkəmənin Mülki Kollegiyasının 23 yanvar 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.
E.Salmanlı Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 23 yanvar 2023-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş edib. Eyni zamanda ərizəçi şikayətində iş üzrə tətbiq olunan Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Konstitusiyanın 29-cu maddəsinə uyğunluğunun yoxlanılmasını da xahiş edib.
Konstitusiya Məhkəməsi bildirib ki, birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri də nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225 və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilib.
Mülki Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələrinə müvafiq olaraq, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (Ailə Məcəlləsinin 32.3-cü maddəsi).
Məhkəmə bildirib ki, Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
Ailə Məcəlləsinin 34.1-ci maddəsinə uyğun olaraq, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da qeyd edilmişdir ki, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir:
- əmlakın ər-arvadın nikah müddətində əldə olunması;
- əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması.
Konstitusiya Məhkəməsi qeyd edib ki, tərəflərdən birinin nikah dövründə əvəzsiz əqd üzrə əldə etdiyi əmlak ər-arvadın birgə təsərrüfat fəaliyyətinin, yəni təsərrüfat birliyinin nəticəsi olmadığından, qanunverici belə əmlakı müvafiq olaraq ərin və ya arvadın şəxsi mülkiyyəti olaraq tanıyır.
Həmçinin, Konstitusiya Məhkəməsi vurğulayıb ki, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb yoxdur. Lakin nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir.
Məhkəmə bildirib ki, ailə-nikah münasibətləri, ər-arvadın əmlakının ümumiliyi prezumpsiyasının əksinə olaraq nikah dövründə əldə olunmuş əşyanın ərin və ya arvadın şəxsi mülkiyyəti olması qənaətinə gəlinməsi baxımından əvəzsiz əqdlər üçün yazılı forma sübutetmə şərti olaraq qəbul edilməlidir. Əks yanaşma Ailə Məcəlləsi ilə müəyyən edilən ər-arvadın əmlakının qanuni rejiminin mahiyyəti və məqsədinə uyğun gəlmir və ərin və ya arvadın öz hüquqlarından sui-istifadəsinə əhəmiyyətli şərait yaradaraq digər tərəfin Konstitusiya ilə təminat verilən mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər.
Konstitusiya Məhkəməsi qərara alıb:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması ilə bağlı tələbin sübutetmə şərti kimi nəzərdə tutulmaması ər-arvadın əmlakının ümumiliyi prezumpsiyası baxımından Konstitusiyanın 29-cu maddəsinin I və III hissələrinə uyğun olmayan hesab edilsin.
Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələrinə əmlakın ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab edilməsi üçün həmin əmlakın əldə edilməsinə əsas verən əvəzsiz əqdlərin forması ilə bağlı tənzimetmənin müəyyən edilməsi istiqamətində müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və III hissələrinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilsin.
3. E.Salmanlının F.Sərkərzadəyə qarşı əmlak bölgüsü tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2023-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və III hissələrinə uyğun olmayan hesab edilsin, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.
Qərarın tam mətni ilə bu linkdən tanış ola bilərsiniz.
Konstitusiya Məhkəməsi Plenumunun E.Salmanlının şikayəti üzrə AR Mülki Məcəlləsinin 225.2 və AR Ailə Məcəlləsinin 34.1-ci maddələrinin AR Konstitusiyasının 29-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair qərarı, 28 dekabr, 2023