Yaxınlarının deməsinə görə, 61 yaşlı Həsənov 26 oktyabrda ürək tutmasından vəfat edib.
Əlayif Həsənov insan hüquqlarının qorunması sahəsində ixtisaslaşmış vəkil olub, bir sıra ictimai-siyasi fəalların və vətəndaş cəmiyyəti üzvlərinin hüquqlarının müdafiəçisi kimi tanınıb.
2015-ci ildə o, hüquq müdafiəçisi Leyla Yunusun müdafiəsini həyata keçirərkən əvvəl məhkum edilib, daha sonra isə Vəkillər Kollegiyası (VK) üzvlüyündən xaric edilib.
Həmin vaxt Həsənov Yunusun həbsxanadakı kamera yoldaşı tərəfindən təzyiqə məruz qalması haqda sosial şəbəkədə paylaşım edib. Paylaşım daha sonra qəzetdə yayımlanıb.
Yasamal Rayon Məhkəməsi 6 noyabr 2014-cü il tarixdə Ə.Həsənovu Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə təqsirli bilib və onun 240 saatlıq ictimai işlərə cəlb olunmasına dair hökm çıxarıb.
Ali Məhkəmənin 29 dekabr 2015-ci il tarixli yekun qərarı ilə onun məhkum edilməsi barədə qərar qüvvədə saxlanılıb.
Bu qərardan sonra Ə.Həsənov VK üzvlüyündən də xaric edilib.
Həsənov həm məhkum edilməsindən, həm də VK üzvlüyünə xitam verilməsindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət verib.
Məhkəmənin saytında hər iki iş barədə məlumat əldə etmək mümkündür:
Application no. 39834/16 Alayif Hasan oglu HASANOV against Azerbaijan
Application no. 68035/17 Alayif Hasan oglu HASANOV against Azerbaijan
Əlayif Həsənov son illər davamlı olaraq Azərbaycanın vəkillik sektorunda baş verən qanunsuzluqları tənqid edib, ictimai diqqəti bu sahədə baş verən ciddi problemlərə diqqət çəkib.
Allah rəhmət eləsin!