logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Arif Hacılının oğlunun həbsi qanunidirmi?

Analiz
Arif Hacılının oğlunun həbsi qanunidirmi?

Turan Informasiya Agentliyi

Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu həbs edilib. 

Orxan Hacılı Cinayət Məcəlləsinin (CM) 263.1 və 264-cü maddələri ilə təqsirləndirilir. 

Həmin maddələr yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol nəqliyyat hadisəsi yerindən qaçmanı nəzərdə tutur. 

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, O.Hacılı istintaq dövründə 2 ay müddətinə həbs edilib. 

“Tribunat”  Hacılı haqqında seçilmiş həbs qətimkan tədbirinin qanunauyğunluğunu analiz edib.

Cinyaət-Prosessual Məcəlləyə (CPM) əsasan, həbs qətimkan tədbiri ... təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbs yerlərində saxlanılmasıdır.

Hər kəsin azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada və hallarda onun tutulması, həbsə alınması və ya azadlıqdan məhrum edilməsi ilə məhdudlaşdırıla bilər.

Bu norma həm adıçəkilən Məcəllədə, həm də Azərbaycan Konstitusiyasında təsbit edilib.

Hər hansı cinayət əməlində təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə həbs edilməsi üçün maddi və prosessual hüquqi əsaslar olmalıdır.

Maddi əsaslar, təqsirləndirilənin cinayət əməlinin törədilməsinə aidiyyətini təsdiq edən sübütları ehtiva edir. 

Prosessual əsaslar isə, CPM-nin 155-ci maddəsində nəzərdə tutulmuş halların məcmusundan və həbs qətimkan tədbirinin seçilməsinin qanuniliyini və zəruriliyini təsdiq edən, məhkəmə tərəfindən müəyyən edilmiş əsaslardan ibarətdir.

Bu təhlildə yalnız Orxan Hacılıya münasibətdə prosessual əsaslar sərf-nəzər edilir.

CPM-nin 155-ci maddəsinin 1-ci bəndi həbs qətimkan tədbirinin seçilməsinın 5 prosessual əsasını sadalayır. Həmin əsaslar aşağıdakılardir: 

  • cinayət prosesini həyata keçirən orqandan gizlənmək;
  • cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq;
  • cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq;
  • cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq;
  • məhkəmə hökmünün icra edilməsinə maneə törətmək.

 Həmin maddənin 3-cü bəndi isə sözügedən qətimkan tədbirinin yalnız 3 qrup şəxsə münasibətdə seçilə biləcəyini elan edir:

  1. 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə;
  2. 2 ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə;
  3. əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə. 

Birinci halda prosessual əsaslar qismində təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənmək, ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmağa yönəlik hərəkətlərinin qarşısını almaq məqsədi çıxış edir. 

İkinci halda isə, təqsirləndirilənin sadəcə cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin qarşısını almaq məqsədi güdülməlidir. 

Üçüncü halın isə özünəməxsus şərtləri var. 

“Həbs və ev dustaqlığı qətimkan tədbirlərinə dair müraciətlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 3 noyabr 2009-cu il tarixli 2 saylı Qərarında deyilir ki, məhkəmələr həbs qətimkan tədbiri seçərkən bu 5 prosessual əsası formal sadalamaqla kifayətlənməməli, hər bir əsasın konkret təqsirləndirilən şəxsə münasibətdə mövcudluğunun nədən ibarət olmasını və cinayət işinin materialları ilə onların təsdiq edilib-edilməməsini yoxlamalıdırlar.

Orxan Hacılının ittiham maddələrinin hər ikisinin sanksiyası alternativ olmaqla, ən pis halda iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Başqa sözlə, həmin maddələr böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir.

Ona münasibətdə həbs qərarının seçilməsi üçün yeganə prosessual əsas cinayət prosesini həyata keçirən orqandan real gizlənmə ehtimalıdır. 

Həbs qərarı həmin real ehtimalın qarşısını almaq məqsədinə xidmət etməlidir. 

Yerli medianın hadisəylə bağlı yaydığı məlumatların təhlili onu deməyə əsas verir ki, O.Hacılı cinayət prosesini həyata keçirən orqandan gizlənməyə hər hansı cəhd belə göstərməyib. 

Baş vermiş yol nəqliyyat hadisəsinin hər hansı ağır nəticəsinin olmaması, Orxan Hacılının yaşı, ailə statusu, onun Bakı şəhərində daimi yaşayış yerinin olması və s. onu gizlənməyə vadar edən amillərin mövcudluğu ehtimalını sıfıra endirir. 

“Yağcı və Sərgin Türkiyəyə qarşı” işində Avropa Məhkəməsi ədalət mühakiməsindən yayınma təhlükəsinin mövcud olma səbəblərinə dair hər hansı izahat vermədən standart ifadələrə əsaslanan bu və ya digər məhkəmə qərarını heç bir halda yolverilən hesab etmədiyini xüsusi qeyd edib.

“Leteleye Fransaya qarşı” işində işində isə Məhkəmə vurğulayıb ki, şəxsin gizlənməyəcəyini və ya onun gizlənmə ehtimalının ən azı aşağıdakılara görə az ola biləcəyini nəzərə almaq lazımdır: ailə vəziyyəti, özünün xarakteri, mənəvi durumu, statusu, vəzifələri və məhrum olacaqlarının həcmi və s.

Prezidentin 10 fevral 2017-ci il tarixli Sərəncamında Baş Prokurorluğa tövsiyə edilir ki, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatlar müstəsna hallarda həbsin tətbiq edilməsinə dair cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduqda verilsin.

Məhkəmələr isə həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırmalıdırlar.  

İndiyədək Avropa Məhkəməsi Azərbaycana qarşı çıxardığı 96 qərarda Avropa Konvensiyasının 5-ci maddəsinin pozuntusunu tanıyıb.

“Tribunat”ın gəldiyi nəticəyə görə, Orxan Hacılı barəsində həbs qətimkan tədbirinin seçilməsi yuxarıda şərh edilənlər nəzərə alınmaqla qanunsuz və əsassızdır.


 

Arif Hacılının oğlu iki ay müddətinə həbs edilib, https://www.turan.az/ext/news/2023/11/free/politics_news/az/10492.htm 

Arif Hacılının oğlu həbs edilib - VİDEO, https://apa.az/hadise/arif-hacilinin-oglu-hebs-edilib-video-793153 

Azərbaycan Respublikası Cinayət Məcəlləsi, 

https://e-qanun.az/framework/46947

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, https://e-qanun.az/framework/46950 

Azərbaycan Respublikası Konstitusiyası, https://e-qanun.az/framework/897 

“Həbs və ev dustaqlığı qətimkan tədbirlərinə dair müraciətlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 3 noyabr 2009-cu il tarixli 2 saylı  Qərarında, https://e-qanun.az/framework/19147 

Nabi YAGCI and Nihat SARGIN v/TURKEY

Case of  Letellier v France (Application no. 12369/86)

Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Prezidentin 10 fevral 2017-ci il tarixli Sərəncamı

Violations by Article and by State (1959-2022) https://www.echr.coe.int/documents/d/echr/stats_violation_1959_2022_eng 


 

6 Noyabr, 2023