logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Azərbaycanda məhbusların maddi-məişət təminatı ilə bağlı problemlər

Analiz
Azərbaycanda məhbusların maddi-məişət təminatı ilə bağlı problemlər

2025-ci ilin yanvar ayının əvvəllərində siyasi məhbus kimi tanınan bloqer Rəşad Ramazanov saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsində şəraitin ağır olmasından danışıb. Məhbus ictimaiyyətə müraciətində bildirib ki, sözügedən müəssisədə sanitariya-gigiyena qaydaları pozulur, məhkumların saxlanma qaydalarına əməl edilmir və onların qidalanması ilə bağlı çoxsaylı problemlər mövcuddur

Bu iddiaların geniş hüquqi analizini aparmaq üçün “Tribunat” platforması sizə iki fərqli yazı təqdim edir. Artıq dərc edilmiş birinci yazıda məhbusların qidalanmasının qanunvericiliklə tənzimlənməsi və praktiki implementasiyası ilə bağlı çətinliklərdən bəhs edilib, Bu, ikinci – yazıda isə onların maddi-məişət təminatına dair digər məsələlər hüquqi analiz edilib.

Maddi-məişət məhsullarına çatımlılıq 

Məhbusların maddi-məişət təminatına dair problemlərdən biri onların maddi-məişət məhsulları ilə bağlı təminatıdır. Mediada vaxtaşırı dərc olunan xəbərlərdə bildirilir ki, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrinə yeni gələn və ehtiyacı olanlar başda olmaqla, məhbuslar yeni paltarlarla, gigiyenik məhsullarla, yataq ləvazimatları ilə təmin olunmur və göstərilən məsələlərdə ailəyə arxalanmalı olur. İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizminin Fəaliyyətinə dair 2022-ci il tarixli Hesabatda da bu məsələlərə geniş yer ayrılıb. Hesabatda Nəsimi və Abşeron Rayon Polis İdarələrinin Müvəqqəti Saxlanma Yerləri, Pirallahı, Şəmkir, Tovuz Rayon polis şöbələri, 2 saylı İstintaq Təcridxanası, 1 saylı Cəzaçəkmə Müəssəsi olmaqla bir çox yerdə saxlanılan şəxslərə gigiyenik vasitələrin verilmədiyi, yataq dəstlərinin vaxtında dəyişdirilmədiyi və ya yataq dəstlərinin çirkli olduğu müəyyən edilmişdir. Azərbaycanın Avropa Şurasının İşgəncələrə Qarşı Mübarizə Komitəsi (CPT) ilə əməkdaşlıqdan imtina etməsi fonunda Komitənin 3 iyul 2024-cü ildə dərc etdiyi 2022-ci il xüsusi səfərlə bağlı hesabatda qeyd edilir ki, nümayəndə heyəti 4 saylı Cəzaçəkmə Müəssisəsi və Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsinə baş çəkdikdən sonra hər iki müəssisədə şəxslərin sanitariya-gigiyena məhsullarını öz və ya ailəsi hesabına almasını müşahidə edib (uşaq bezləri, uşaq yeməyi və uşaq paltarları daxil olmaqla) (CPT, 2022-ci il səfər hesabatı, bənd 45)

Doğrudur ki, qanunvericilik məhbusların ailələrinə onlar üçün müəyyən edilmiş nümunədə və normalar üzrə məhsullar gətirməyə icazə verir, lakin bu norma şərti xarakter daşıyır. Həbs Yerlərinin Daxili İntizam Qaydalarına və Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına müvafiq olaraq, cəzaçəkmə müəssisəsində olan şəxslər hər bir halda, həbs edilən şəxslər isə münasib paltarları olmadığı təqdirdə, mövsüm və iqlim şəraiti nəzərə alınmaqla dövlət hesabına geyim, alt paltarı və ayaqqabı ilə təmin edilməlidirlər. “Tutulmuş və ya həbs edilmiş şəxslərin yemək və maddi-məişət normalarının təsdiq edilməsi” haqqında Nazirlər Kabinetinin qərarının 5 nömrəli Əlavəsinə əsasən, bu məhsulların norması və dəqiq sayı qanunla nizamlanır. Qanuna müvafiq olaraq, həbs edilmiş kişilərə dövlət hesabına qış və yay papağı, isti gödəkcə, kostyum, 2 ədəd üst köynəyi, nazik və isti olmaqla 2 ədəd alt tuman köynəyi, 2 ədəd mayka və gödək tuman, 12 cüt corab, 2 cüt ayaqqabı, 1 cüt şap-şap və əlcək, qadınlara isə isti və nazik baş yaylığı, isti gödəkçə, 2 ədəd yubka, kofta, don, alt köynəyi, 3 ədəd pantalon və döşlük, 4 ədəd kalqotka, 6 cüt corab, 12 gigiyenik paket, 2 cüt ayaqqabı, 1 cüt şap-şap və əlcək verilməlidir. Oxşar müddəa “Tutulmuş və ya həbs edilmiş şəxslərin yemək və maddi-məişət normalarının təsdiq edilməsi” və “Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi barədə” Nazirlər Kabineti qərarlarının, müvafiq olaraq, 8-9 və 11-16 nömrəli Əlavələri ilə müvəqqəti saxlanma yerləri və cəzaçəkmə müəssisələrinə də şamil edilir. 

Qanunvericilik həm də məhbusların yataq məhsulları və ləvazimatları ilə təmin olunmaq hüququnu tanıyır. “Tutulmuş və ya həbs edilmiş şəxslərin yemək və maddi-məişət normalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarının 13 nömrəli Əlavəsinə əsasən, müvəqqəti saxlama yerləri və istintaq təcridxanalarında saxlanılan şəxslər iki ildən bir pambıq və bayka olmaqla 2 ədəd adyal, döşək və balışla təmin olunmalı, onlara hər altı aydan bir 2 mələfə, 2 balışüzü, 2 əl-üz dəsmalı verilməli, 5 il müddətinə isə çarpayı, tumboçka və oturacaqları dəyişdirilməlidir. Oxşar müddəa “Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin qərarı ilə cəzaçəkmə müəssisələri üçün də müəyyən olunub. 

Gigiyenik məhsullarla bağlı isə “Tutulmuş və ya həbs edilmiş şəxslərin yemək və maddi-məişət normalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarının 6 nömrəli Əlavəsinə əsasən, həbs edilmiş şəxslərə 1 ay ərzində 250 qram təsərrüfat sabunu, 100 qram əl-üz sabunu, 150 qram yuyucu toz, kişilər üçün 10, qadınlar üçün 3 ədəd ülgüc, 2 ay ərzində bir ədəd diş pastası, diş tozu, 1 ədəd tualet kağızı, 3 ay ərzində 1 ədəd diş fırçası verilməlidir. Oxşar müddəa “Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin qərarı ilə cəzaçəkmə müəssisələri üçün də müəyyən olunub. 

Bu minimum tələblər Avropa Penitensiar Qaydalarının 20-ci maddəsi ilə də nəzərdə tutulub. Qaydaların 20.1-ci maddəsinə əsasən, münasib paltarı olmayan məhbuslar iqlimə uyğun paltarla təmin olunurlar. 21-ci maddəyə əsasən isə hər bir məhbus ayrı çarpayı və fərdi yataq ləvazimatı ilə təmin olunmalı, onların yaxşı vəziyyətdə saxlanması və təmizliyinin gözlənilməsi məqsədilə tələb olunan qaydada dəyişdirilməlidir.

Sanitar qovşaqlar, temperatur və duş məsələləri

Məhkumların maddi-məişət məsələləri ilə bağlı gözəçarpan problemlərdən digəri sanitar qovşaqlar, duş və müəssisədaxili istilik barəsindədir. Məhbuslar iddia ediblər ki, müəssisələrdə su tez-tez kəsilir və ya, ümumiyyətlə, olmur, buna etiraz edən şəxslər cəzalandırılır və onlara işgəncə verilir, hətta insanların ayaqyolunda sudan istifadəsinin qarşısını almaq üçün krantların ağzı bağlanır və suyun bir “aftafa”sı 20 qəpikdən satılır

Avropa Penitensiar Qaydalarının 19-cu maddəsinə əsasən, məhbuslar maneəsiz, gigiyena qaydalarına uyğun və təklikdə qalmağa imkan verən sanitar qovşaqdan istifadə etmək imkanına malik olmalı, müəssisədə vannalar və duşlar kifayət qədər olmalı və hər bir məhbus onlardan iqlimə münasib temperaturda imkan daxilində hər gün, gigiyenanın saxlanması üçün zəruri olduqda həftədə ən azı 2 dəfə və ya daha çox istifadə edə bilməlidir. Azərbaycanda məhbusların hüquqlarına dair qanunvericilik birbaşa su hüququnu nizamlamasa da, bunla bağlı müəyyən hüquqlar müəyyənləşdirir. “Cəzaçəkmə müəssisələrin daxili inttizam Qaydaları”nın 338-ci maddəsi müəyyən edir ki, hər bir məhkuma istənilən vaxt içməli sudan istifadə etmək üçün şərait yaradılmalıdır. “Həbs yerlərinin daxili intizam Qaydaları”nın 5.6-cı maddəsinə əsasən, həbs edilmiş şəxslər həftədə minimum bir, isti günlərdə isə azı 2 dəfə yuyuna bilməlidir. İnsanov Azərbaycana qarşı işində ərizəçi bildirib ki, 700 və 950 arası şəxs saxlanılan cəzaçəkmə müəssisəsində sadəcə 14 tualet və 7 duş olub və davamlı axan su olmayıb. Məhkəmə bildirib ki, bir tualetin 50-dən çox şəxs arasında bölüşdürülməsi və çirkli mühitlə nəticələnən axan suyun olmaması ərizəçidə özünəqarşı iztirabedici və alçaldıcı hislər yarada bilib (İnsanov Azərbaycana qarşı, bənd 126).

İddiaların digər bir qismi havalandırma sisteminin yaxşı olmaması və qış aylarında müəssisələrdə uzunçəkən soyuq temperaturla bağlıdır. Bununla bağlı da qanunvericilik müəyyən nizamlama edir. Cəzaçəkmə müəssisələrinin daxili qaydalarının 336-cı, habelə Müvəqqəti saxlanma yerlərinin daxili qaydalarının 10.2-ci maddəsinə əsasən, müəssisələrdə ilin soyuq vaxtlarında yaşayış otaqlarında havanın hərarətinin +18 dərəcə dərəcədən az olması yolverilməzdir. Təəssüf ki, analoji norma istintaq təcridxanaları üçün nəzərdə tutulmayıb. 

Başqa problem isə müvəqqəti saxlanma yerlərindəki şəraitlə bağlıdır. CPT nümayəndə heyətinin 2022-ci il hesabatında göstərilir ki, müvəqqəti saxlanma yerlərində (adətən polis məntəqələrində) tualetlər tam ayrılmayıb, adamlar ofisdə və ya dəhlizdə saxlanılıb, hətta radiotar və ya mebelə əlləri qandallanaraq yatmağa məcbur olub (CPT, 2022-ci il səfər hesabatı, bənd 37). Eyni nəticəyə həm də 2017-ci il səfəri hesabatında da rast gəlmək olur. Burada bildirilir ki, kameradankənar fəaliyyətlərin, açıq ziyarətlərin həyata keçirilməməsi, hərəkət üçün yerlərin az olması səbəbindən Dövlət Təhlükəsizlik Xidmətinin Müvəqqəti saxlama yeri və İstintaq Təcridxanasında şəxslərin bir neçə həftədən çox saxlanmasına yol verilə bilməz (CPT, 2017-ci il səfər hesabatı, bənd 44-47)

Ümumilikdə, ​Azərbaycanda bir çox penitensiar müəssisə, o cümlədən 2 saylı Gəncə və 3 saylı Bakı (“Şüvəlan”) İstintaq Təcridxanaları Sovet dövründə tikilib və müasir tələblərə cavab verməyən köhnəlmiş infrastruktura malikdir. Prezidentin 10 fevral 2017-ci il tarixli sərəncamı ilə müvafiq islahatlar həyata keçirilsə də (qadınlar üçün 4 saylı Cəzaçəkmə Müəssisəsi, yetkinlik yaşına çatmayanlar üçün müasir müəssisə, Naxçıvan və Şəkidə penitensiar komplekslər, həmçinin Umbakı və Lənkəran penitensiar kompleksləri kimi), yenə də ölkə üzrə əlavə penitensiar müəssisələrin tikintisinə və ya mövcud müəssisələrin əsaslı təmirinə ehtiyac qalır. Məsələn, CPT nümayəndə heyətinin 2022-ci il hesabatında Azərbaycan hakimiyyətinə yeni cəzaçəkmə müəssisələrinin tikintisini sürətləndirmək tövsiyə edilib. 2017-ci il səfəri zamanı isə nümayəndə heyəti Bakıdakı (Zabrat) istintaq təcridxanasında və Şəki və Naxçıvandakı həbsxanalarda saxlanma şəraitini ümumilikdə qənaətbəxş hesab etmiş, əksinə, Gəncə 2 saylı və Şüvəlan 3 saylı İstintaq Təcridxanalarında şəraitin son dərəcə pis olduğunu, kameraların bərbad vəziyyətdə, çirkli, zəif işıqlandırılmış və havalandırılmamış olduğunu, üstəlik, həddindən artıq sıxlıq müşahidə edildiyini bildirmişdir. Bu səbəbdən, sonuncu iki müəssisənin mümkün qədər tez bağlanması tövsiyə olunmuşdur (CPT, 2017-ci il səfər hesabatı, səhifə 5).​

Üzərindən səkkiz il keçməsinə baxmayaraq, Gəncə və Şüvəlan istintaq təcridxanaları hələ də fəaliyyət göstərir və orada əsaslı təmir işləri aparılmamışdır. Artıq istismara yararsız vəziyyətdə olan bu saxlanma yerlərində əsas ehtiyacların təmin olunmasında ciddi çatışmazlıqlar mövcuddur.​

Müəssisələrdə sıxlıq

Azərbaycanda beynəlxalq təşkilatlar tərəfindən tez-tez tənqid olunan əsas məsələlərdən biri müvəqqəti saxlanma yerləri, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində mövcud olan sıxlıq problemidir. 

Bu vəziyyətə dair müxtəlif mənbələrdən gələn məlumatlar narahatedici mənzərəni ortaya qoyur. Məsələn, Rəşad Ramazanovun bildirdiyinə görə, 15 saylı Cəzaçəkmə Müəssisəsində yer çatışmazlığı səbəbindən bəzi məhbuslar ya döşəmədə, ya da növbə ilə yatmağa məcbur qalırlar. “AbzasMedia”nın həbsdə olan əməkdaşlarının keçən ilin noyabrında verdiyi məlumata əsasən, Bakı İstintaq Təcridxanasında saxlanılan qadınların bir çoxu ya döşəmədə yatır, ya da iki nəfər eyni çarpayını paylaşıb, buna görə hətta biri yerə düşülərək yıxılıb. Digər bir iddiaya görə, eyni istintaq təcridxanasında 8 çarpayılıq kamerada 19-20 nəfər saxlanılır. Bir başqa fəal isə müvəqqəti saxlanma yerindəki sıxlıq səbəbilə tərpənməyin belə mümkün olmadığını bildirib.

Problemin sistemli xarakter daşıdığı İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizminin 2022-ci il hesabatında da öz əksini tapıb. Hesabatda qeyd olunur ki, 2500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında faktiki olaraq 3500, 700 nəfər üçün nəzərdə tutulmuş 2 saylı İstintaq Təcridxanasında 800 nəfər, 1050 nəfər üçün nəzərdə tutulmuş 3 saylı İstintaq Təcridxanasında 1400-dən çox şəxs saxlanılır.

Bakı İstintaq Təcridxanasını ziyarət edən CPT nümayəndə heyəti də müəssisənin tutumunun 121 faiz aşıldığını bildirib. Bütövlükdə 2500 nəfərlik tutumu olan təcridxanada 3017 məhbus saxlanılıb. Komitə bildirib ki, burada bir nəfərə 2m²-dən az ərazi düşür və iddialar deyir ki, məhbuslar ya yataqları bölüşdürməli olublar, ya da növbəli şəkildə yatıblar. Komitə Azərbaycanı bir neçə adamın yaşadığı hücrələrdə adambaşına 4, tək adamın yaşadığı hücrələrdə isə azı 6 yaşayış sahəsi normasına əməl etməyə çağırıb. 

Bu tələblər Komitənin məhkumların saxlanma şəraitinə dair müəyyən etdiyi minimum standartlardan irəli gəlir. CPT/Inf (2015) 44 sənədinə əsasən:

  • Tək nəfərlik kamerada ən azı 6m² yaşayış sahəsi + sanitariya otağı olmalıdır;
  • Çoxnəfərlik kamerada hər məhbus üçün ən azı 4m² yaşayış sahəsi + tam ayrılmış sanitariya otağı nəzərdə tutulmalıdır;
  • Kamera divarları arasında ən azı 2 metr məsafə olmalıdır;
  • Tavanın hündürlüyü ən azı 2.5 metr olmalıdır.

“Həbs yerlərinin daxili intizam Qaydaları”nın 3.1-ci maddəsinə əsasən, həbs edilmiş şəxslər üçün istintaq təcridxanasında yaşayış sahəsinin norması 4m²-dən az ola bilməz. Oxşar şəkildə “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nın 10.2-ci maddəsinə əsasən, tutulmuş və ya həbs edilmiş şəxslər müvəqqəti saxlama yerlərində istifadə sahəsi hər nəfərə 4m²-dən az olmayan kameralarda saxlanılır. Cəzaların İcrası Məcəlləsinin 91.2-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisələrində, tərbiyə müəssisələrində və həbsxanalarda hər məhkum üçün yaşayış sahəsinin norması 4m²-dən, müalicə müəssisələrində isə 5m²-dən az ola bilməz. 

Əliyev Azərbaycana qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi bildirir ki, həbs olunan şəxsə düşən döşəmə səthi 3m²-dən aşağı olduğu təqdirdə 3-cü maddənin pozulduğuna dair güclü prezumpsiya etmək mümkündür. Bu işə münasibətdə isə Məhkəmə qeyd edib ki, ərizəçiyə onun karantində olduğu dövrdə 1.1m² şəxsi ərazi verilməsi, yatağını başqaları ilə bölüşməyə məcbur edilməsi və bu dövr ərzində çölə çıxmağa imkan verilməməsi onu həbsə xarakterik olan əziyyətdən kənara çıxara biləcək çətinliyə məruz qoyub və alçaldıcı rəftar təşkil edib (Əliyev Azərbaycana qarşı, bənd 125). İnsanov Azərbaycana qarşı işində də ərizəçiyə 2m²-dən aşağı şəxsi məkan düşdüyü üçün Məhkəmə 3-cü maddənin pozuntusunu müəyyənləşdirib. Məhkəmə bildirib ki, ərizəçiyə yetəri qədər tualet ərazisinin ayrılmaması, hücrənin kifayət qədər yaxşı ventilyasiya olmaması və ərizəçinin tualeti məxfi şəkildə və şəxsi həyatına hörmət hüququna müvafiq olaraq istifadə etməsinə imkan verilməməsi qeyri-insani və alçaldıcı rəftar təşkil edib (İnsanov Azərbaycana qarşı, bənd 116).
Keçən yazımızda qeyd etdiyimiz kimi, Azərbaycanda həbsdə olan şəxslərin sayının çoxluğu sıxlığın əsas səbəblərindən biridir. Avropa Şurasının 2023-cü il statistikasına əsasən, Azərbaycan Avropa Şurasına üzv ölkələr arasında məhbusların sayına görə Türkiyə və Gürcüstandan sonra üçüncü yerdədir. Ölkədə hər yüz min nəfərə 235 məhbus düşür. Təsadüfi deyil ki, CPT-nin Azərbaycana verdiyi tövsiyələr arasında həbs əvəzinə alternativ qətimkan tədbirlərinin tətbiqinin genişləndirilməsi də yer alır. Milli qanunvericilik səviyyəsində oxşar müddəa Prezidentin 10 fevral 2017-ci il tarixli sərəncamı ilə də nəzərdə tutulur (“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, bənd 8 və 10.5). Lakin sərəncamın üstündən 8 ildən çox vaxt ötməsinə baxmayaraq, ölkədə alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinə çox az rast gəlmək mümkündür. Komitənin Azərbaycan hökumətinə tövsiyələrindən biri yaşayış sahəsi baxımından minimum standartları təmin etmək üçün yeni cəzaçəkmə müəssisələrində, eləcə də mövcud və fəaliyyətdə olan müəssisələrdə saxlanıla biləcək məhbus sayına yuxarı hədd müəyyən etməkdir (Azərbaycana 12-19 dekabr 2022-ci il tarixlərində edilən səfərlə bağlı Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsi tərəfindən hazırlanmış Azərbaycan Hökumətinə hesabat, para. 39-40).

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), İşgəncələr əleyhinə milli preventiv mexanizmin fəaliyyətinə dair hesabat (2022-ci il üzrə) https://ombudsman.az/storage/niihZFQbdgtEIKaoQW0CMcq3ZqM1aUWTctAwWxn0.pdf 

https://rm.coe.int/1680b08fa3 

Council of Europe Annual Penal Statistics: Space I 2023 (Avropa Şurası), https://wp.unil.ch/space/files/2024/11/SPACE_I_2023_Report.pdf 

Council of Europe, European Committee for the Prevention of Torture and Inhuman or Degrading Treatment or Punishment. (2015). Living space per prisoner in prison establishments: CPT standards (CPT/Inf (2015) 44).

Council of Europe. 2006. European Prison Rules. Recommendation Rec(2006)2. 

European Committee for the Prevention of Torture and Inhuman or Degrading Treatment or Punishment, Report to the Azerbaijani Government on the visit to Azerbaijan carried out by the European Committee for the Prevention of Torture and Inhuman or Degrading Treatment or Punishment (CPT) from 12 to 19 December, 2022, https://rm.coe.int/1680b08fa3 

İnsanov Azərbaycana qarşı (Application no. 16133/08) (Avropa İnsan Hüquqları Məhkəməsi, 14 Mart 2013), https://hudoc.echr.coe.int/eng#{%22itemid%22:[%22001-117132%22]} 

Əliyev Azərbaycana qarşı (Applications Nos 68762/14 and 71200/14) (Avropa İnsan Hüquqları Məhkəməsi, 4 Fevral 2019), https://hudoc.echr.coe.int/eng#{%22itemid%22:[%22001-186126%22]} 

 

AbzasMedia, 'Geyim, mələfə, dəsmal, gigiyenik vasitələr, ərzaq… Qadın dustaqlara çatmayan mallar hara yox olur?' (28 Noyabr 2024) https://abzas.info/az/2024/11/geyim-mlf-dsmal-gigiyenb0aabe85-d/ 

 

Doğru Xəbər, '14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi ilə bağlı narazılıq var' (18 Avqust 2023) https://dogruxeber.az/2023/08/18/14-sayl-czakm-mssissinin-risi-yezddr-naraziliq-var.html 

Meydan TV, '35 qəpiklik yemək: Ac qalan məhbuslar və ayrılan milyonlar' (n.d.) https://www.meydan.tv/az/article/35-qepiklik-yemek-ac-qalan-mehbuslar-ve-ayrilan-milyonlar/ 

Azadlıq Radiosu, Həbsxana sıxlığı: məhbuslar hansı şəraitdə saxlanılır? (n.d.) https://www.azadliq.org/a/hebsxana-sixliq/32357290.html 

Gözətçi, 12 saylı cəzaçəkmə müəssisəsində dini inanclıların işgəncəyə məruz qaldığı bildirilir (5 may 2024) https://gozetci.az/2024/05/31779 

Müsavat.com, Cəzaçəkmə müəssisəsi, yoxsa ikiqat cəza... (n.d.) https://musavat.com/news/cezacekme-muessisesi-yoxsa-ikiqat-ceza_433657.html 


 

9 Mart, 2025