Avropa Məhkəməsinin Azərbaycana qarşı 320-dən çox məhkəmə qərarı ya icra olunmayıb, ya da...
Xəbərlər23 oktyabr 2024-cü ildə Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. 453 nəfər parlament üzvü qətnamənin lehinə, 31 əlehinə səs verib, 89 nəfər isə bitərəf qalıb.
Qətnamədə Avropa Şurası Parlament Assambleyasına istinadən qeyd olunub ki, Avropa Məhkəməsinin Azərbaycana qarşı 320-dən çox məhkəmə qərarı var. Lakin bu qərarlar ya icra olunmayıb, ya da qismən icra olunub. Bu baxımdan Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasını imzalayan iştirakçı dövlətlər arasında ən pis göstəriciyə sahibdir.
Qətnamədə Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyəti fəallarına, azad mediaya və müxalif fəallara qarşı 10 ildən artıq davam edən repressiyası qeyd olunub.
Hökumətin Qeyri-hökumət təşkilatlarını (QHT) özbaşına bağlamaq və vətəndaş cəmiyyəti nümayəndələrini həbs etmək və ya sürgünə məcbur etmək kimi üsulllardan istifadə etməsi göstərilir.
Azərbaycanda Qubad İbadoğlu, Anar Məmmədli, Bəxtiyar Hacıyev, Tofiq Yaqublu, İlhamiz Quliyev, Əziz Orucov, Bəhruz Səmədov, Akif Qurbanov və bir çox başqaları da daxil olmaq 300-dən çox siyasi məhbus siyahısının olduğu, onların qeyri-insani şəraitdə saxlanma, işgəncə və adekvat tibbi yardıma çatımlılıq da daxil olmaqla, hüquqlarının pozulması ilə bağlı mötəbər hesabatlar olduğu vurğulanıb.
Hətta hesabatlarda Azərbaycan rejiminin repressiv hərəkətlərini öz sərhədlərindən kənara çıxardığı, Azərbaycanda ifadə azadlığına qarşı davam edən basqıların məhbusların ailə üzvlərinə qarşı transmilli repressiyalara dair sənədlərdə öz əksini tapdığı, 2020-ci ildən bəri azərbaycanlı dissident bloger Məhəmməd MirzəlininFransada bir neçə sui-qəsd cəhdinin hədəfi olduğu, 29 sentyabr 2024-cü ildə Fransada siyasi mühacir həyatı yaşayan, Azərbaycan rejimini tənqid edən Vidadi İsgəndərlinin öz evində hücuma məruz qaldığı və iki gün sonra aldığı xəsarətlər nəticəsində vəfat etdiyi qeyd olunub.
Həmçinin, 3 iyul 2024-cü ildə Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti alçaldan Rəftar və Cəzalarla Mübarizə üzrə Avropa Komitəsi (CPT) Azərbaycannın "Komitənin tövsiyələri işığında vəziyyəti yaxşılaşdırmaqdan imtina etməsini" və "Azərbaycan hakimiyyətinin CPT ilə davamlı əməkdaşlıq etməməsini" ictimai şəkildə pislədiyi vurğulanıb.
Azərbaycanda media qanunvericiliyinin getdikcə repressiv xarakter daşıması ilə bərabər 2022-ci ilin fevralında media qanununun senzuranı leqallaşdırdığı, mediaya təsir edən bir sıra digər qanunların da ölkənin ifadə və mətbuat azadlığı ilə bağlı beynəlxalq öhdəliklərini pozduğu, hakimiyyətin ictimai tənqidi ciddi cəzalara məruz qoyduğu bildirilib.
Xüsusən vurğulanıb ki, “Sərhədsiz Reportyorlar”ın məlumatına görə, Azərbaycanda faktiki olaraq bütün media sektoru rəsmi nəzarət altındadır, ölkə daxilində müstəqil televiziya və ya radio yayımı yoxdur. Bütün tənqidi çap qəzetləri bağlanıb, hakimiyyət qalan son müstəqil medianı və özünüsenzuranı rədd edən jurnalistləri sıxışdırmaqda davam edir, Abzas Media, Kanal 13 və Toplum TV kimi müstəqil mediaya qarşı həbslər və məhkəmə təzyiqləri ilə repressiyalar güclənib.
QHT-lərin qeydiyyatını, fəaliyyətini və maliyyələşdirilməsini tənzimləyən Azərbaycan qanunları son dərəcə məhdudlaşdırıcı və özbaşına tətbiq olunduğundana, qeydiyyatdan keçməmiş QHT-lərin fəaliyyətini effektiv şəkildə cinayət hesab edir; “Freedom House”-un 2024-cü il indeksi Azərbaycanı Rusiya və Belarusdan aşağı, dünyanın ən az azad ölkələri sırasına daxil edir.
Qətnamədə Azərbaycan rejimi tərəfindən fəallara, jurnalistlərə, müxalifət liderlərinə və digərlərinə, o cümlədən Avropa Birliyi vətəndaşlarına qarşı COP29 ərəfəsində nəzərəçarpacaq dərəcədə güclənən daxili və ərazi repressiyaları qətiyyətlə pislənir, Azərbaycan hakimiyyəti siyasi baxışlarına görə özbaşına həbs edilmiş bütün şəxsləri azad etməyə, bütün siyasi motivli ittihamları ləğv etməyə və həm Azərbaycan daxilində, həm də onun hüdudlarından kənarda repressiyaların bütün formalarını dayandırmağa çağırılır. Bu kontekstdə Tofiq Yaqublu, Akif Qurbanov, Bəxtiyar Hacıyev, hüquq müdafiəçiləri və jurnalistlər, o cümlədən Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Hafiz Babalı və Elnarə Qasımova, Əziz Orucov, Əvəz Zeynallı, Ələsgər Məmmədli, İlhamiz Quliyev və Fərid İsmayılov, 2024-cü ilin martından sonra həbs edilmiş vətəndaş cəmiyyəti fəalları Anar Məmmədli, Fərid Mehrəlizadə, İqbal Əbilov, Bəhruz Səmədov, Emin İbrahimov və Famil Xəlilovun adları çəkilir, hakimiyyətin ölkə daxilində yaratdığı, vətəndaş cəmiyyətinin faktiki olaraq susdurulmasına səbəb olduğu qorxu mühitindən dərin narahatlıq ifadə edilir.
Qətnamədə Azərbaycan hakimiyyətinə fundamental azadlıqlara hörmətlə bağlı öhdəlikləri xatırladılır, müstəqil QHT və medianı qanundan kənar qoyan repressiv qanunvericiliyi ləğv etməyə çağırılır.
Həmçinin Azərbaycan hökumətinə məhbusların ləyaqətini və hüquqlarını qorumaq, onların adekvat tibbi yardım almasını, humanist şəraitdə saxlanmasını və istənilən pis rəftardan qorunmasını təmin etmək üzrə beynəlxalq öhdəlikləri xatırladılır, Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin uzunmüddətli tövsiyələrini tez bir zamanda yerinə yetirməyə çağırılır.
Qətnamənin tam mətni ilə bu linkdən tanış olun.
JOINT MOTION FOR A RESOLUTION on the situation in Azerbaijan, violation of human rights and international law and relations with Armenia,https://www.europarl.europa.eu/doceo/document/RC-10-2024-0133_EN.html