Azərbaycandan AİHM-ə göndərilmiş müvəqqəti məcburiyyət tədbirləri ilə bağlı son 3 ilin statistikası
VizualAvropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Məhkəmə Reqlamentinin 39-cu Qaydasına əsasən müvəqqəti məcburiyyət tədbirləri barədə qərar qəbul edə bilir. Sonradan düzəldilə bilməyən zərərlə bağlı qaçılmaz risk olduqda tətbiq olunan təcili tədbirlərə müvəqqəti məcburiyyət tədbirləri deyilir.
Müvəqqəti məcburiyyət tədbirləri ancaq məhdud hallarda tətbiq oluna bilər. Bunlara aiddir:
- Həyati təhlükə olduqda;
- Şəxsin pis rəftara məruz qalması ilə bağlı təhlükə olduqda.
Çox müstəsna hallarda Konvensiya ilə qorunan digər hüquqları da təmin etmək üçün Məhkəmə müvəqqəti məcburiyyət tədbiri barədə qərar qəbul edə bilər.
Müvəqqəti tədbirlərin əksəriyyərti ölkədən çıxarılma və ekstradisiya prosedurları və ya ərizəçilərin həbs yerlərində sağlamlıq vəziyyəti ilə əlaqəli olur.
2023-cü ilin statistikasına əsasən müvəqqəti məcburiyyət tədbirləri ilə bağlı qəbul edilmiş ərizələrin 91.6 %-i qəbuletmə şərtləri, rədd olunan ərizələrin 44.6 %-i ölkədən çıxarılma və ya ekstradisiya ilə bağlı olub.
Məhkəmənin praktikasında 39-cu Qayda aşağıdakı məsələlərə münasibətdə tətbiq olunmur:
- əmlakın sökülməsinin qarşısının alınması;
- hərbi öhdəliyin icrasını dayandırmaq;
- həbsdə olan ərizəçinin Məhkəmənin qərarına qədər azadlığa buraxılmasını təmin etmək;
- referendumun keçirilməsini təmin etmək;
- siyasi partiyanın buraxılmasının qarşısını almaq;
- Konstitusiya qəbulunu dayandırmaq;
- məhkəmə orqanları üzvlərinin səlahiyyət müddətinə təsir edən düzəlişlər etmək.
Məhkəmə praktikasına əsasən natamam və əsassız ərizələr hakimə təqdim olunmur, birbaşa rədd olunur.
2023-cü ildə Məhkəmə icraatına qəbul olunmuş müvəqqəti məcburiyyət tədbirlərinin tətbiqi ilə bağlı ərizələrin 53.9%-i qəbul edilib, 13.6%-i qəbul olunmayıb və 32.5%-i əhatə dairəsindən kənar hesab olunub.
Azərbaycanla bağlı son üç ilin (2021-2023) statistikasına baxdıqda, məlum olur ki, Məhkəmə icraatına qəbul edilmiş müvəqqəti məcburiyyət tədbiri ilə bağlı 121 ərizədən 36.4%-i (44) qəbul olunub, 47.9%-i(58) qəbul olunmayıb və 15.7%-i(19) əhatə dairəsindən kənar hesab edilib.