Konstitusiyaya görə Azərbaycanda Məhkəmə hakimiyyəti nə qədər müstəqildir?
Vizual
Bu data Azərbaycanda Konstitusiya mətninə əsasən Məhkəmə müstəqilliyinə dair indeksi göstərir. Datanı hazırlayarkən Müqayisəli Konstitusiyalar Layihəsinin Ginsberg və Meltonun müəllifi olduğu “De Jure Məhkəmənin Müstəqilliyi Həqiqətən əhəmiyyətlidirmi? Məhkəmə Müstəqilliyinə dair İzahların Yenidən Qiymətləndirilməsi” adlı məqaləsinə əsasən hazırladığı 6 indeks nəzərdən keçirilib. Həmin indekslər aşağıdakılardır:
1. Konstitusiyanın məhkəmənin müstəqilliyinə dair açıq bəyanatı ehtiva edib-etməməsi;
2. Konstitusiyada hakimlərin ömürlük təyin olunmasının nəzərdə tutulub-tutulmadığı;
3. Ən yüksək instansiya məhkəmələrinə hakimlərin təyin olunması prosesində məhkəmə şurası və ya iki (və ya daha çox) aktorun olub-olmaması;
4. Hakimlərin vəzifədən kənarlaşdırılmasının qadağan və limitli olub-olmaması; bunun üçün qanunverici orqanda yüksək səs çoxluğu tələb olunurmu , yoxsa yalnız ictimai və ya məhkəmə şurası kənarlaşdırma üçün təklif irəli sürə bilir və başqa siyasi aktorun bu təklifi təsdiqləməsi tələb olunur.
5. Kənarlaşdırmanın aydın şəkildə cinayətlər, dövlətə xəyanət, konstitusiyaya əməl olunmaması kimi digər qanun pozuntularına görə məhdudlaşdırılıb-məhdudlaşdırılmaması;
6. Hakimlərin maaşlarının azaldılmasına imkan verilməməsi.
Azərbaycan Konstitusiyasına əsasən məhkəmə müstəqilliyi aşağıdakı kimidir;
1. Konstitusiyanın məhkəmənin müstəqilliyinə dair açıq bəyanatı ehtiva edib-etməməsi tələbi:
Bu tələbdə Məhkəmə Hüquq Şurasının müstəqilliyinə dair bəyanatın olub-olmamasına baxılır. Azərbaycan Konstitusiyanda Məhkəmə Hüquq Şurası müstəqildir bəyanatı yer almayıb. 8-ci maddənin 4-cü bəndində isə məhkəmə müstəqilliyinin təminatçısının prezident olduğu qeyd olunub. Prezidentin məhkəmə müstəqilliyinin təminatçısı rolunda çıxış etməsi hakimiyyətin bölgüsü prinsipi baxımından problemlidir. Həmçinin Azərbaycan konstitusiyasının 127-ci maddəsinin 1-ci bəndində “Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər” qeyd olunsa da bu norma daha çox deklarativ məzmundadır və məhkəmə hakimiyyət qolunun müstəqilliyinə dair təminatları tam əhatə etməməklə, tamamlamır. Konstitusiya bu tələbə cavab vermir.
2. Konstitusiya hakimlərin ömürlük təyin olunmasını təmin edib-etmədiyi: Azərbaycan konstitusiyası mətnində belə təminat yer almır. Konstitusiya bu tələbə cavab vermir.
3. . Ən yüksək instansiya məhkəmələrinə hakimlərin təyin olunmasında məhkəmə şurası və ya iki (və ya daha çox) iştirakçının olub-olmaması; Konstitusiyanın 130-cu maddəsinin 2-ci bəndinə əsasən Konstitusiya Məhkəməsinin hakimlərini, 131-ci maddənin 2-ci bəndi Ali məhkəmənin hakimlərinin, 132-ci maddənin 2-ci bəndi isə Apelyasiya məhkəməsinin hakimləri Prezidentin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur. Bu baxımdan konstitusiya bu tələbə cavab verir.
4. Hakimlərin vəzifədən kənarlaşdırılmasının qadağan və limitli olub-olmaması; bunun üçün qanunverici orqanda yüksək səs çoxluğu tələb olunurmu , yoxsa yalnız ictimai və ya məhkəmə şurası kənarlaşdırma üçün təklif irəli sürə bilir və başqa siyasi aktorun bu təklifi təsdiqləməsi tələb olunur. 128-ci maddənin 4-cü bəndinə əsasən cinayət törətdikdə hakimlərin vəzifədən kənarlaşdırılması üçün Ali Məhkəmənin rəyi əsasında Prezident Milli Məclisdə təşəbbüs göstərir. Həmin maddənin 5-ci bəndinə əsasən Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin hakimlərinin vəzifədən kənaşdırılmasl üçün yüksək səs çoxluğu- üçdə iki səs çoxluğu yəni 83 səs başqa hakimlərin vəzifədən kənarlaşdıırlması üçün isə 63 səs çoxluğu tələb olunur. Konstitusiya bu tələbə cavab verir.
5. Kənarlaşdırmanın aydın şəkildə cinayətlər, dövlətə xəyanət, konstitusiyaya əməl olunmaması kimi digər qanun pozuntularına görə məhdudlaşdırılıb-məhdudlaşdırılmaması: 128-ci maddənin 4-ci bəndində hakimlər cinayət törətdikdə vəzifədən kənarlaşdırıla biləcəyi qeyd olunub. Konstitusiya bu tələbə cavab verir.
6. Hakimlərin maaşlarının azaldılmasına imkan verilməməsi: Hakimlərin maaşlarının azaldılmasının yolverilməzliyi ilə bağlı Azərbaycan Konstitusiyasında hər hansı maddə və ya bənd yoxdur. Konstitusiya bu tələbə cavab vermir.
Beləliklə bu 6 indeks əsasında Azərbaycan Konstitusiyasını nəzərdən keçirdikdə məhkəmə hakimiyyətinin müstəqilliyi bu indekslərdən cəmi 3-ə cavab verdiyini görürük.
1. Comparative Constitutions Project, https://comparativeconstitutionsproject.org/ccp-rankings/#indices
2. Azərbaycan Respublikası Konstitusiyası (2016) https://www.e-qanun.az/framework/897