28 illik Konstitusiya. 80 maddəyə 114 dəyişiklik…
Xəbərlər
1996-cı ildən etibarən 12 noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur.
12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi - referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib. Konstitusiya 158 maddə, 12 fəsil və 5 bölmədən ibarətdir. Konstitusiya 1995-ci il noyabrın 27-dən qüvvəyə minib.
Bu, Azərbaycanın tarixində sayca beşinci Konstitusiyadır.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-20-ci illərdə mövcud olduğu dövrdə Konstitusiya qəbul edə bilməyib və daha sonra bolşeviklər tərəfindən işğal olunub.
Azərbaycan SSR dövründə isə 4 dəfə Konstitusiya qəbul edilib.
Bunlardan ilki 19 may 1921-ci ildə Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmiş Konstitusiyadır.
Digər Konstitusiyalar isə müvafiq olaraq 1927, 1937 və 1978-ci illərdə qəbul edilib.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 18 oktyabr 1991-ci ilə qəbul olunub. Həmin Aktın 4-cü maddəsinə əsasən 1978-ci il Konstitusiyası bu Konstitusiya Aktının müddəalarına zidd gəlməyən yerlərdə qüvvədə qalırdı. Həmçinin, 32-ci maddə Konstitusiya Aktının yeni Konstitusiyanın hazırlanması üçün əsas olduğunu təsbit edib.
1995-ci ilin 12 noyabrında isə referundumla müstəqil Azərbaycanın ilk və hələlik yeganə olan Konstitusiyası qəbul edilib.
Bu Konstitusiyaya indiyədək 3 dəfə dəyişiklik edilib. Həmin referendumlar 2002, 2009 və 2016-ci illərdə keçirilib.
Konstitusiyanın bütövlükdə 80 maddəsinə 114 dəyişiklik edilib.
2002-ci ilin avqustunda keçirilən referendumda Əsas Qanunun 22 maddəsinə 31 dəyişiklik edilib. Bu dəyişikliklərdən biri ölkədə proporsional seçki sisteminin ləğvi və tamamilə majoritar seçki sisteminə keçiddir.
2009-cu ilin martında baş tutan referendumda isə 29 maddəyə 41 dəyişiklik olub. Bu dəyişikliklərdən ən mühümü heç kəsin iki dəfədən artıq təkrarən prezident seçilməmək limitinin Əsas Qanundan götürülməsidir.
2016-cı ilin sentyabrında keçirilən referendumda isə 29 maddəyə 42 dəyişiklik edilib. Həmin dəyişikliklərdən prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsini, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılmasını, vitse-prezidentlik institutunun yaradılmasını, xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olmasını və s. qeyd edə bilərik.
Avropa Şurası Venesiya Komissiyasının rəyinə görə, prezidentli respublikada prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi icra hakimiyyətinin digər hakimiyyət qolları üzərində nəzarətini gücləndirə bilər. Həmçinin, vitse-prezidentin prezidentlə birlikdə seçilməməsi və prezident tərəfindən təyin edilməsi problemli məsələlərdən biridir.
Ümumiyyətlə isə Azərbaycan, Konstitusiyada təsbit olunan hüququların təminatı və demokratik idarəetmə baxımından aşağı göstəriciyə malik olan ölkələr sırasındadır.
Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, Konstitusiya Günü Azərbaycanda bayram günləri sırasına aiddir. Ancaq elə həmin maddənin 2-ci bəndinə görə, bu gün iş günü hesab edilən bayram günü sayılır.
Vatanabadi, Shouleh. “Past, Present, Future, and Postcolonial Discourse in Modern Azerbaijani Literature.” World Literature Today 70, no. 3 (1996): 493–97. https://doi.org/10.2307/40042030.
12 НОЯБРЯ - ДЕНЬ КОНСТИТУЦИИ, https://azerbaijan.az/ru/related-information/72
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 24 avqust 2002-ci ildə keçirilmiş ümumxalq səsverməsinin (referendumun) yekunları haqqında AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI, https://e-qanun.az/framework/16449
26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı, https://www.msk.gov.az/uploads/Referendum2016/REFERENDUM_AKTI_2016.pdf
EUROPEAN COMMISSION FOR DEMOCRACY THROUGH LAW (VENICE COMMISSION) nAZERBAIJAN PRELIMINARY OPINION ON THE DRAFT MODIFICATIONS TO THE CONSTITUTION SUBMITTED TO THE REFERENDUM OF 26 SEPTEMBER 2016, https://www.venice.coe.int/webforms/documents/default.aspx?pdffile=CDL-PI(2016)010-e
Azərbaycan Respublikasının Əmək Məcəlləsi, https://e-qanun.az/framework/46943#_ednref165