AŞPA-nın pis rəftara dair yeni qətnaməsində “Tərtər işi”ndən də bəhs edilir
XəbərlərAvropa Şurası Parlament Assambleyası (AŞPA) Avropada həbs yerlərində sistemli işgəncə, qeyri-insani və ya alçaldıcı rəftar və ya cəza ilə bağlı iddialara dair 2528 saylı qətnamə qəbul edib.
Qətnamə Kiprli deputat Konstantinos Efstatiunun hazırladığı hesabat əsasında qəbul olunub.
Bu haqda Avropa Şurasının yaydığı press-relizdə bildirilir.
66 nəfər qətnamənin lehinə səs verib, cəmi 1 nəfər bitərəf qalıb. Qətnamənin əleyhinə səs verən olmayıb.
Assambleya Rusiya, Azərbaycan və Türkiyədə “işgəncə və pis rəftarın digər formalarının sistemli və geniş şəkildə istifadəsini” qəti şəkildə pisləyib. Bu dövlətlərdə işgəncə və pis rəftarın sistemli olması, Rusiya həbsxanalarında işgəncə və pis rəftarın video və fotoları, Azərbaycanda məhbusların etiraflarını almaq məqsədilə “dəhşətli işgəncə üsullarına” məruz qoyulduğu “Tərtər hadisələri”, Türkiyədə polis nəzarətində və həbsxanalarda işgəncə və pis rəftarın yenidən “canlanması” ilə bağlı hesabatlara istinad ediblər.
Parlamentarilər konkret tədbirlərin görülməsinə təcili ehtiyac olduğunu vurğulayıb, İşgəncənin və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyasına (CPT Konvensiyası) üzv dövlətlərə və iştirakçı dövlətlərə bir sıra tövsiyələr verib.
Qətnamədə yer alan tövsiyələrə aşağıdakılar daxildir:
- işgəncə və pis rəftara görə müvafiq cəzaların verilməsini təmin etmək üçün milli qanunvericiliyin nəzərdən keçirilməsi;
- işgəncə və pis rəftara görə şikayət müddətlərinin ləğv edilməsi;
- azadlıqdan məhrum etmənin lap əvvəlindən fundamental prosessual təminatlara çıxışın təmin edilməsi;
- dindirmələrin videoçəkilişinin həyata keçirilməsi;
- polis izahatlarının müddətinin tənzimlənməsi;
- məcburiyyətdən daha çox sübuta əsaslanan istintaq dindirməsini təşviq etmək;
- qurbanların tez və adekvat təzminat almasını təmin edən əlçatan və effektiv müdafiə vasitələrinin yaradılması.
Həmçinin, Assambleya dövlətlərə bir qayda olaraq CPT-yə səfər hesabatlarının avtomatik dərc edilməsi ilə əvvəlcədən razılaşmağı tövsiyə edib. Bundan başqa, dövlətlər yerli deputatların fəal iştirakı da daxil olmaqla, CPT tövsiyələrinə əməl olunmasını təmin etməyə çağırılıb.
Əlavə olaraq, Assambleya CPT və Avropa İnsan Hüquqları Məhkəməsini öz hesabatlarında və qərarlarında müvafiq ölkədə işgəncə və pis rəftar praktikasının sistemli və ya struktur xarakterli olduğunu daha aydın şəkildə göstərməyə çağırıb.
Qətnamənin tam mətni ilə bu linkdən tanış olun.
PACE calls for stronger action to eradicate torture and ill-treatment in places of detention in Europe, 24.01.2024, https://pace.coe.int/en/news/9360/pace-calls-for-stronger-action-to-eradicate-torture-and-ill-treatment-in-places-of-detention-in-europe