Əmək müqaviləsinin mülki müqavilədən fərqi
Xəbərlər
Konstitusiya Məhkəməsi Plenumu Əmək Məcəlləsinin 7-ci maddəsinin 3.4 və 2-4-cü hissələrini Konstitusiyanın 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edib.
Qərar 20 oktyabr 2023-cü ildə qəbul edilib və 27 oktyabr 2023-cü ildə məhkəmənin saytında yerləşdirilib.
Binəqədi rayon prokurorluğu “Alib Express” MMC-nin 2 nəfəri əmək müqaviləsi bağlamadan kuryer olaraq işlərin görülməsi üçün cəlb etməsinə görə İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.1-ci maddəsi ilə icraatın başlanması barədə qərar qəbul edib və işi baxılması üçün məhkəməyə göndərib.
İXM-nin həmin maddəsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Bu əmələ yol vermiş fiziki şəxslər min manatdan iki min manatadək, vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər isə iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Binəqədi Rayon Məhkəməsi 1 fevral 2023-cü il tarixli qərarı ilə sözügedən müəssisəni cərimələyib.
Adıçəkilən MMC qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Müəssisə iddia edib ki, onun poçt xidməti göstərmək üçün başqaları ilə müqavilə bağlamaq hüququ olub, mülki hüquq subyekti kimi iradə sərbəstliyi və müqavilə azadlığı hüququndan istifadə edib. Əməkdaşlıq etmək istədikləri daşıma-kuryer şirkətləri və şəxslərlə isə sub-xidmət müqaviləsi bağlayıb. Apellyator bildirib ki, həmin müqavilə əsasında xidmət göstərildiyi və razılaşdırılmış xidmət haqqı və digər ödənişlər edildiyi üçün İXM-nin 192.1-ci maddəsinin tərkibinin olması istisna edilməlidir.
Bakı Apellyasiya Məhkəməsi İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətlə bağlı müxtəlif yanaşmaların olduğunu əsas gətirərək qanunvericilik normalarının şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.
Konstitusiya Məhkəməsi qeyd edib ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir.
Mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir.
Mülki müqavilə tərəfləri qismində istər fiziki, istərsə də hüquqi şəxslər çıxış edə bildiyi halda, əmək müqaviləsində bir tərəf (işçi) yalnız fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur.
Mülki-hüquqi müqavilələrin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Əmək münasibətlərinin predmetini isə işçinin əmək fəaliyyəti təşkil edir. İşçinin əmək fəaliyyəti müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının fəaliyyəti, adətən müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan, birdəfəlik və ya dövrü xarakter daşıyır.
Əmək müqavilələrində işçi əmək funksiyasını şəxsən icra etməli və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirməli olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçı müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməlidir.
Mülki-hüquqi müqavilələrdən fərqli olaraq, əmək müqavilələri üzrə işəgötürən işçiyə təhlükəsiz və sağlam əmək şəraiti yaratmaq öhdəliyi daşıyır.
Əmək müqavilələrində işçinin əmək qanunvericiliyi ilə müəyyən edilən əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları və işəgötürənin bununla bağlı vəzifələri olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının yalnız müqavilədə göstərilən və qanunvericiliklə bu hal üçün müəyyən edilən təminatlardan istifadə etmək hüququ var.
Mülki-hüquqi müqavilələr müddətli və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlandığı halda, əmək müqavilələri müddətsiz və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda müddətli bağlanır.
Əmək müqavilələrində işçi müəssisədaxili intizam qaydalarına və iş vaxtı rejiminə mütləq tabe olduğu və onları pozduqda intizam tənbehinə məruz qaldığı halda, mülki-hüquqi müqavilələr üçün bu cür tənbehlər xas deyil.
Məhkəmə belə qərara gəlib ki, Konstitusiyanın 35-ci maddəsi əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edib. Lakin həmin maddə Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir.
Həmçinin, Məhkəmə qeyd edib ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə uyğun xidmətlərin icrası üçün tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması məhkəmələr tərəfindən müəyyən edilməlidir. Məhkəmələr həmin münasibətlərin xarakteri və həqiqi mahiyyətini, işin faktiki hallarını müəyyənləşdirməlidir.
Qərarla daha ətraflı bu linkdən tanış olun.
20.10.23 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair, https://constcourt.gov.az/az/decision/1383