logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Qarabağ münaqişəsi bitsə də, yaratdığı problem hələ də davam edir Məcburi köçkünlərin zəbt etdiyi mənzillərin mülkiyyətçilərinə təhvil verilməməsinin səbəbləri nələrdir?

Analiz
Qarabağ münaqişəsi bitsə də, yaratdığı problem hələ də davam edir  Məcburi köçkünlərin zəbt etdiyi mənzillərin mülkiyyətçilərinə təhvil verilməməsinin səbəbləri nələrdir?


İkinci Qarabağ müharibəsindən artıq 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, birinci müharibənin yaratdığı humanitar fəsadlar hələ də qalır. Birinci müharibənin yekununda məcburi köçkünlər ölkənin müxtəlif ərazilərində boşalmış və ya sahibləri olan mənzillərdə məskunlaşdılar. 

Məcburi köçkünlərin mənzil fondunun genişləndirilməsinə dair bir çox tədbirlərin görülməsinə baxmayaraq, ara-sıra media orqanlarında çıxan xəbərlər bu problemin hələ də gündəmdə qaldığını və həm məcburi köçkünlərə, həm də hüquqlarından yararlana bilməyən mülkiyyətçilərə ciddi narahatlıqlar yaratmaqda davam etdiyini göstərir.

Bu cür mülkiyyətçiləri yerli və beynəlxalq məhkəmə instansiyalarında təmsil etmiş vəkil Əsabəli Mustafayev belə mənzillərin sayının 5 minə yaxın olduğunu bildirir.

Azərbaycan Konstitusiyasına əsasən, dövlətin ali məqsədi hüquq və azadlıqların, layiqli həyat səviyyəsinin təmin edilməsidir. Əsas Qanun dövlətin, xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qaldığını bildirir. Bu zaman iki prinsip üz-üzə gələ bilər: mülkiyyət hüquqlarını müdafiə etməsi və vətəndaşlar qarşısında sosial öhdəliklərini nəzərə alaraq həssas qrupa daxil olan şəxslərin sosial təminat məsələlərinin həll edilməsi. Maraqlıdır ki, son referendumdan sonra mülkiyyət hüququnu tənzimləyən 29-cu maddəyə xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olduğunu təsbit edən müddəa daxil edilsə də, bu maddə nə müvafiq hökumət qurumları, nə də məhkəmələr tərəfindən arqument kimi səsləndirilməyib. Sosial öhdəliklərin nəyi nəzərdə tutduğunun qanunvericilikdə şərhi mövcud olmadığından konkret olaraq bu hallara şamil edilib-edilməyəcəyini iddia etmək olmur. Digər tərəfdən, bu məsələyə dair məhkəmə qərarlarında və ya hökumət qurumlarının açıqlamasında müvafiq Konstitusiya maddəsinə istinad da mövcud deyil.

Mülkiyyət hüquqlarının tənzimlənməsi daha geniş olaraq, Mülki Məcəllə, spesifik olaraq isə Mənzil Məcəlləsi ilə tənzimlənir. Məcburi köçkünlərin sosial təminat məsələləri “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanun və Nazirlər Kabinetinin onların mənzil təminatına dair Qaydaları ilə tənzimlənir. Qanuna əsasən, məcburi köçkünlərin yaşayış sahəsi ilə təminatı sosial müdafiə kontekstində dövlətin başlıca öhdəliklərindən biridir. Bunun üçün yaşayış üçün yararlı olan və ya yararlı edilməsi mümkün olan yaşayış, inzibati və yardımçı binalardan istifadə edilir. Əks halda, məcburi köçkünlər düşərgələrdə məskunlaşdırılır. Qanun o cümlədən bunu da bildirir ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqları və qanuni maraqlarının pozulmadığı halda yol verilir.

Yerli məhkəmələr yaranmış mübahisələrdə məcburi köçkünlərin digər vətəndaşlara məxsus olan mənzil sahələrdən çıxarılmasına əngəl kimi 2004-cü il tarixli “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğuliyyətinin inkişaf olunması haqqında” Dövlət Proqramını qeyd edirlər. Proqram müvafiq dövrdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin optimallaşdırılması üçün fəaliyyətləri nəzərdə tuturdu. Dövlət qurumları bu hallarda zəbt edilmiş mənzil mülkiyyətçisinin istifadə hüquqlarını təmin etməyə çalışdığı halda, Proqrama əsasən məcburi köçkünlərin başqa yaşayış sahəsi olmadığından mülkiyyətçilərin tələbini yerinə yetirməkdən imtina edir. Halbuki, Proqramın təsdiq edilməsinə dair prezident sərəncamı məcburi köçkünlərin 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılmasını aidiyyəti dövlət orqanlarına qadağan edirdi. Bu məqam adı yuxarıda çəkilən Qanun və Nazirlər Kabinetinin Qaydaları ilə kolliziya təşkil edir. Üzərindən uzun müddət keçməsinə baxmayaraq, bu ziddiyətin həll edilməsi üçün heç bir addım atılmayıb.

Yerli məhkəmələrdə problemlərinin həllini tapmayan vətəndaşlar Avropa İnsan Hüquqları Məhkəməsinə bir neçə dəfə müraciət ediblər. Vətəndaşların şikayət etdiyi əsas məsələlər zəbt edilmiş mənzillərdən məcburi köçkünlərin çıxarılmasına dair məhkəmə qərarlarının yerinə yetirilməməsi və bundan irəli gələn mülkiyyət hüquqlarının pozulmasıdır. AİHM bu işlərdə Konvensiyanın məhkəmə araşdırması hüququnun (6-cı maddə) və mülkiyyət hüququnun (1 saylı Protokolunun 1-ci maddəsi) pozulduğunu bildirmişdir. Məhkəmə qeyd edib ki, məcburi köçkünlərin zəbt edilmiş mənzillərdən çıxarılmasının icrasını qeyri-müəyyən müddətə təxirə salınması şəxslərin yerli qanunvericilik və Konvensiya ilə müdafiə olunan hüquqlarının pozulmasına gətirib çıxarır. Yerli məhkəmələr adı yuxarıda çəkilən Dövlət Proqramına istinad etsələr də, Proqram özündə təxirə salınma prosedurunu ehtiva etmir. Habelə, yerli qanunvericilik birbaşa onu da qeyd edir ki, məcburi köçkünlərin məskunlaşması digər şəxslərin hüquq və maraqlarını pozduqda onların digər yerlərdə məskunlaşması təmin edilməlidir. Buna görə də, çıxarılma barədə icraatın aparılmaması vətəndaşların məhkəməyə çıxış və mülkiyyət hüquqlarını pozmuş olur. Bu məsələyə dair AİHM tərəfindən Akimova Azərbaycana qarşı Cəfərov Azərbaycana qarşı işlərində yekun qərarın elan edilməsindən sonra Məhkəmə bir neçə oxşar işlərdə də pozuntuları aşkarlayıb.

Yerli medianın açıqlamasına görə, Qarabağ ərazisinə köçürülmüş əhalinin sayı 2228 ailəyə, yəni 8517 nəfərə bərabərdir. Bloq dərc olunan müddət ərzində əlavə 42 ailə olmaqla 205 nəfərköçürülmüşdür. Eyni məlumatda bildirilir ki, hazırda Qarabağda “geri qayıtmış keçmiş məcburi köçkünlər, dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsilalanlar da daxil olmaqla” 40 min insan yaşayır. Qarabağın yenidənqurması, habelə, məcburi köçkünlərin mənzil təminatı ilə bağlı məsələlər 2022-ci ilə aid olan və fəaliyyət dövrü 2026-cı ilə qədər əhatə olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapır. Proqrama əsasən, 2025-ci ilə qədər 10270, proqramın yekununda isə 34500 ailə köçürülməlidir. Hazırda köçürülmüş əhalinin ailəyə düşən adam sayının hesabını təqribi olaraq götürsək, bu rəqəm yekunda 132 minə yaxın məcburi köçkünün məskunlaşması deməkdir. Hazırkı rəqəmlərlə tutuşdurduqda bu hədəfin nə dərəcədə realist olması sual doğurur.

Bəs köç üçün ailələr necə və hansı parametrlərə uyğun olaraq seçilir? Proqramdan və müvafiq məsələ ilə bağlı təyin edilmiş dövlət qurumu - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (bundan sonra, Qaçqınkom) illik hesabatlarından aydın olur ki, köçürülmə üçün əsas element məcburi köçkünlər arasında sosioloji sorğunun aparılmasıdır. Proqrama görə, yekunda 45 min ailə ilə (təqribi hesablama ilə, 171 min nəfər) sorğular həyata keçirilməlidir. Maraqlıdır ki, Proqramda sosioloji sorğunun məqsədinin köçlə bağlı proqnozların verilməsi məqsədi daşıdığı qeyd edilsə də, Qaçqınkomun məlumatına əsasən, sorğunun nəticəsində vətəndaşlarla ilkin razılaşma və imtina protokolları imzalanır. Son məlumata görə, Qaçqınkomun 2023-cü il üzrə fəaliyyət hesabatına əsasən, bu cür sorğu 28 818 köçkün ailə (105 170 nəfər) ilə keçirilib. Sosioloji sorğuların məlumatlarının açıq olmaması və ümumiyyətlə, prosesin şəffaf aparılmaması hansısa nəticələrin təhlilini qəlizləşdirir. Böyük Qayıdış Proqramının hesabatlılığına dair onlayn platforma mövcud olsa da, platformaya giriş mümkün olmur. Elekton hökumət xidmətlərinin təklif etdiyi autentifikasiya təklifləri ilə platformaya daxil olmaq istədikdə “sistemə daxil olmağa icazənin olmadığını” bildirir.

Köç prosesinin effektiv aparılması qeyri-yaşayış obyektlərində və digər vətəndaşlara məxsus olan yaşayış obyektlərində məskunlaşmış məcburi köçkünlərin prioritet olaraq relokasiyasını labüd edir. Lakin bu cür addım məcburi köçkünlərin yaşayış yeri seçmək hüquqlarını pozmuş ola bilər. Qaçqınkomun 2018-ci ilə aid olan illik fəaliyyət hesabatında qeyd edilirdi ki, məcburi köçkünlərin mənzillə təmin olunmasından 250 minə yaxın məcburi köçkün yararlanmışdır.Müvafiq dövrə qədər bu məqsədlər üçün sərfiyyat 2.3 milyard manat təşkil etmişdir. Sirr deyil ki, ilkin olaraq məcburi köçkünlərin çəkdiyi məşəqqətlər nə qədər ağır olsa da, bir qismi relokisayadan imtina edə bilər. Bu kontekstdə çətinlik yaradan məqam köçürülmə ilə əlaqədar qanunvericilik bazanın olmaması, mövcud tənzimləmələrin hazırkı reallığa uyğunlaşdırılmamasından qaynaqlanır. Böyük Qayıdışdan irəli gələn məsələləri tənzimləyən qanunvericiliyin hazırlanması və müzakirəsi gündəmə gəlsə də, bu istiqamətdə əməli addımlar atılmır. Müzakirənin parlament komitəsinin iclasının gündəliyinə daxil edilməsinə baxmayaraq, bugünə qədər nə layihə, nə də diskusiyalar aparılıb. Qanunvericilik bazasının olmaması yaxın dövrlərdə relokasiya edilmiş məcburi köçkünlərə verilən evlərin digər şəxslərə kirayə verilməsi ilə bağlı qızğın müzakirələrə səbəb olub. Məcburi köçkünləri məskunlaşmadan çəkindirən səbəblərdən daha biri işğaldan azad edilmiş ərazilərdə əmək bazarı və infrastruktura çıxışın qənaətbəxş olmaması ilə əlaqədardır. Proqrama əsasən, infrastrukturla təminat və məşğulluğun artırılması tədbirləri məskunlaşma ilə paralel aparılmalı olduğu halda, görünən budur ki, proses effektiv olaraq təmin edilmir. Bu barədə, ümumiyyətlə, məskunlaşma prosesinin qeyri-effektiv keçirilməsi ilə bağlı iddialar hökumət qurumları hökumətyönümlü media qurumları tərəfindən birmənalı görünməyən aqressiv münasibətlə üzləşir, bəzi fərdi hallarda isə hüquqi-mühafizə orqanlarının müdaxiləsinə səbəb olur.

Yekun olaraq bildirmək olar ki, ictimaiyyətin geniş formada iştirak və təsir edə bilmədiyi siyasət planlarının aparılması həm məcburi köçkünlərin, həm də konkret olaraq yuxarıda əks edilən hallarda sui-istifadə halları və hüquqlara çatımlılıq cəhətdən problemtik keyslərin yaranmasına gətirib çıxarır. Bu cür halların qarşısını almaq üçün qanunvericilik bazasının təkmilləşdirilməsi və cəmiyyətdə qayıdış prosesinin müzakirəyə çıxarılması zəruridir.


 

Redaktor.az, “Məcburi köçkünlərin zəbt etdiyi şəxsi mənzillər nə vaxt sahibinə qaytarılacaq? - Rəsmi AÇIQLAMA”, 16.07.2024

Avropa İnsan Hüquqları Məhkəməsi, Cəfərov Azərbaycana qarşı, 11 fevral 2010

Avropa İnsan Hüquqları Məhkəməsi, Akimova Azərbaycan qarşı, 27 sentyabr 2007

Avropa İnsan Hüquqları Məhkəməsi, Əliyeva və digərləri Azərbaycana qarşı, 8 oktyabr 2020

Qafqazinfo, “Azad olunmuş ərazilərə köçürülən əhalinin sayı ilə bağlı - Təhlil”, 07.10.2024

AZƏRTAC, “Cəbrayılda daha 42 ailəyə evlərinin açarları təqdim olunub”, 17.02.2025

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2023-cü il ərzində görülmüş işlər barədə hesabatı

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2018-ci il ərzində görülmüş işlər barədə hesabatı

Report, “Azad edilmiş ərazilərə “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi qəbul ediləcək”, 25.01.2023

Yeni Müsavat, “Qarabağda məcburi köçkünlərin öz evlərini kirayə verib, pul qazanmasında nə qəbahət var?”, 21.09.2024

Azadlıq Radiosu, “Şuşaya qayıtmaq istəyənlər: Azı 800-1000 manatlıq iş olmalıdır”, 09.09.2021

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı, 25.10.2023

FaktYoxla Lab, “Azadlıq radiosu”nun qayıdışla bağlı hazırladığı 4 reportaj: “Şuşaya qayıtmağın mənası yoxdur”, 02.04.2023

Abzas Media, “Laçın köçkünü: "Yaşamaq üçün yer istədim, polisə apardılar”

Azərbaycan Respublikasının Konstitusiyası

Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunu

Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğuliyyətinin inkişaf olunması haqqında” Dövlət Proqramı

Sfera az, “Qaçqın və köçkünlər cəmiyyətimizin ən həssas təbəqələrindən biridir”, 31.05.2020

22 Fevral, 2025