Lənkəranda baş tutmayan ana dili tədbiri: Hüquqi analiz
AnalizLənkəranda polisin talış dili ilə bağlı tədbirin keçirilməsinin qarşısını aldığı bildirilir.
Beynəlxalq Ana Dili Gününü qeyd etmək istəyən təşkilatçılar tədbirə bir gün qalmış polis təzyiqi nəticəsində tədbiri keçirə bilməyiblər.
Tədbirin təşkilatçılarından Könül Rəsul bildirib: “İki aydır ki, dünyanın müxtəlif yerlərindən olan talış qadınlarının birliyini yaratmışıq. Birliyimizdə 17 nəfər xanım var, “WhatsApp”da “Rüşnə” (işıq) qrupu yaratmışıq. Belə qərara gəldik ki, sosial şəbəkələrdə talış dilində şeir deyən balaca uşaqları tapaq və onlara hədiyyələr verək. 12 uşaq tapdıq. Qərara gəldik ki, bir-bir həmin uşaqların evlərinə getməkdənsə, Lənkəranda bir kafedə toplaşıb, kiçik tədbir keçirib, hədiyyələrimizi təqdim edək”.
Ancaq Könül Rəsulun sözlərinə görə, tədbirə bir gün qalmış polis həmin kafeni bağlayıb, kafenin sahibini polis bölməsinə dəvət edib, ondan izahat alıblar. İki gün də kafeni işlətməyini qadağan ediblər.
“Tribunat ” mövzunu hüquqi analiz edib.
21 fevral dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ildə UNESCO tərəfindən elan olunan həmin gün daha sonra BMT Baş Assambleyası tərəfindən də qəbul edilib. Günün təsis olunmasında məqsəd, mədəniyyətlər və dillər arasındakı fərqləri nəzərə almaqla başqalarına qarşı tolerantlıq və hörmət aşılayan mədəniyyətləri qorumaqdır. Belə ki, “çoxdilli və multikultural cəmiyyətlər ənənəvi bilik və mədəniyyətləri davamlı şəkildə ötürən və qoruyan dilləri vasitəsilə mövcuddur”.
Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ana dilindən istifadə hüququnu təmin edir. Həmin maddədə qeyd olunub: “I. Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. II. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz”.
Konstitusiyanın 21-ci maddəsi dövlət dilini Azərbaycan dili olaraq təsbit etsə də, Azərbaycan Respublikasının əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin etdiyi də vurğulanıb.
16 sentyabr 1992-ci ildə “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında” Fərman verilib. Həmin Fərmanda etnik azlıqların inkişafı tədbirləri nəzərdə tutulub. Sənəddə milli azlıq, azsaylı xalq və etnik qrupların mədəni, dil və dini özgünlüyünün qorunub saxlanması və inkişaf etdirilməsi rəsmi mərkəzi və yerli dövlət qurumlarının vəzifəsi elan edilib.
Avropa Şurasının 1995-ci ildə qəbul olunmuş Milli Azlıqların Qorunması üzrə Konvensiyasının 5-ci maddəsində qeyd olunub: “Tərəflər milli azlıqlara mənsub şəxslərə öz mədəniyyətlərini qorumaq və inkişaf etdirmək, öz kimliklərinin əsas elementlərini, yəni dinini, dilini, adət-ənənələrini və mədəni irsini qoruyub saxlamaq üçün lazım olan şəraiti dəstəkləməyi öhdələrinə götürürlər”.
2001-ci ildə qəbul olunmuş Mədəni Müxtəliflik üzrə Beynəlxalq Bəyannamənin 5-ci maddəsində “hər kəs öz seçdiyi dildə, xüsusən də ana dilində özünü ifadə edə və əsərlərini yarada və yaymağa qadir olmalıdır” qeyd olunub. Bəyannamənin 6-cı maddəsində bütün mədəniyyətlərin özünü ifadə etməsinə və tanıtmasına diqqət yetirilməli olduğu da qeyd olunub.
Sadalanan yerli və beynəlxalq normalar Lənkəranda keçirilməyə cəhd edilən, ancaq baş tutmayan tədbirin nəinki qanunvericiliyə zidd olduğunu, əksinə həmin qanunlarla qorunmalı, təmin və təşviq edilməli olduğunu təsdiq edir.
Bundan başqa, bu tədbir, keçirilməsinin sanksiyalaşdırılması üçün qabaqcadan uyğun dövlət qurumunun xəbərdar edilməli olduğu toplantılar siyahısına da aid deyil.
“Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 4.1-ci maddəsi şəxslərin xüsusi mülkiyyətində, icarəsində və ya başqa növ qanuni istifadəsində olan yerlərdə və ictimai tədbirlərin keçirilməsi üçün xüsusi olaraq ayrılmış qapalı yerlərdə keçirilən toplantıların bu qanunla tənzimlənmədiyini nəzərdə tutur.
Başqa sözlə desək, İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsi bu kontekstdə tətbiq edilə bilməz. Həmin maddə toplantıların təşkili və keçirilməsinin qanunla nəzərdə tutulmuş qaydasının pozulmasına görə inzibati məsuliyyət müəyyən edir.
Yəni, Lənkərandakı tədbirin təşkilatçılarının əməlində inzibati xətanın tərkib əlamətləri yoxdur və polisin həmin tədbirə müdaxiləsi də qanunla nəzərdə tutulmayıb.
Azərbaycanın da ratifikasiya etdiyi Avropa İnsan Hüquqları Konvensiyasının 11 və 14-cü maddələri müvafiq olaraq birləşmək hüququnu təmin edir və ayrı-seçkiliyi qadağan edir.
Konvensiya “mədəni hüquqlar”ı digər beynəlxalq müqavilələrdəki kimi birbaşa qorumasa da, Avropa Məhkəməsi Konvensiyanın müxtəlif maddələrini geniş şəkildə tövsif etməklə “mədəni hüquqlar” anlayışının təsir dairəsinə düşən maddi hüquqları tədricən tanımışdır.
Stankov və Birləşmiş Makedoniya Təşkilatı İlinden Bolqarıstana qarşı işində Məhkəmə qeyd edib ki, bir bölgənin sakinləri bölgənin xüsusiyyətlərini təbliğ etmək üçün birliklər yaratmaq hüququna malikdirlər. Birləşmənin azlıq şüurunu təsdiq etməsi faktı Konvensiyanın 11-ci maddəsi ilə nəzərdə tutulan hüquqa müdaxilə üçün haqq qazandırmır (§ 89).
Könül Rəsulun dünyanın müxtəlif yerlərindən olan talış qadınlarının birliyini yaratmaları ilə bağlı dedikləri Lənkəranda keçirilməsi planlaşdırılan ana dili tədbirinin qadağasının həm də birləşmək hüququna qəsd etdiyini nümayiş etdirir.
Tourkiki Enosi Xanthis və başqaları Yunanıstana qarşı işində (Ərizə no. 26698/05) Məhkəmə bildirib ki, “birləşmə azadlığı vasitəsilə fikir bildirmək və şəxsi muxtariyyət anlayışı etnik kimliyindən asılı olmayaraq hər kəsə aiddir” (§56).
Ulusoy və başqaları Türkiyəyə qarşı işində (Ərizə no 34797/03) Məhkəmə Kürd dilində tamaşanın qadağasını 10-cu maddənin pozuntusu olaraq tanıyıb. Məhkəmə xatırladıb ki, 10-cu maddə bədii ifadə azadlığını, xüsusən də mədəni, siyasi məlumatların və ideyaların və bütün növ sosial məsələlərin ictimai mübadiləsində iştirak etməyə imkan verən məlumat və ideyaları almaq və çatdırmaq azadlığını əhatə edir. (§42)
Könül Rəsulun dediklərinə görə, həmin tədbirdə balaca uşaqlar talış dilində şeirlər səsləndirəcək və daha sonra onlara hədiyyələr veriləcəkdi. Bu şeirlərin bədi məzmuna malik olması və tədbir təşkilatçılarının açıq niyyəti – mənsub olduqları dili təbliğ və təşviq etməsi – tədbirə müdaxilənin ifadə azadlığı kontekstində də nəzərdən keçirilməsini zəruri edir. Həmin şeirlərin məzmunu bizə məlum olmasa da, milli nifrət və düşmənçiliyin salınması məzmununda olmadığını ehtimal edirik. Bu baxımdan da tədbirin keçirilməsinə müdaxilənin qanuni olmadığını hesab etmək olar.
Ümumiyyətlə, 8 noyabr 2017-ci ildə Milli Azlıqların Müdafiəsi üçün Çərçivə Konvensiyası üzrə Məşvərət Komitəsinin Azərbaycanla bağlı hazırladığı rəydə qeyd olunub ki, milli azlıqların hüquqlarının təminatı baxımından Azərbaycan məhdud irəliləyişə nail olub. Belə ki, milli azlıqların digərləri ilə birlikdə özlərini ifadə etmələri məhdud mədəni səviyyədə, çox vaxt folklor üslubu çərçivəsində baş verə bilir. Yerli qanunvericilik milli azlıqların hüquqlarının müdafiəsi üçün yetərli deyil və milli azlıq üzvləri öz hüquqlarından xəbərsiz olmaqla bərabər onlara çatmaqda da çətinlik çəkirlər. Azlıqların dilində radio və televiziyaların yayımına maneələr var və çap mediası üçün dəstək yoxdur. Universitet səviyyəsində isə rus və gürcü dillərindən başqa digər azlıqların dillərini öyrənmək imkanları mövcud deyil.
Göründüyü kimi, etnik azlıqlara məxsus şəxslərin dinc şəkildə öz dilləri ilə bağlı tədbir keçirməsinə polis tərəfindən maneə yaradılması, Azərbaycanın həm Konstitusiya, həm də beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklərinə ziddir.
Polisin Lənkəranda Ana Dili Gününə həsr olunmuş tədbirə mane olduğu deyilir (yenilənib), https://www.meydan.tv/az/article/polisin-lenkeranda-ana-dili-gunune-hesr-olunmus-tedbire-mane-oldugu-deyilir/
International Mother Language Day 21 February, https://www.un.org/en/observances/mother-language-day
International Mother Language Day, https://www.unesco.org/en/days/mother-language
Azərbaycan Respublikası Konstitusiyası, https://e-qanun.az/framework/897
Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI, https://e-qanun.az/framework/7762
Sərbəst toplaşmaq azadlığı haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU, https://e-qanun.az/framework/3229
Azərbaycan İnzibati Xətalar Məcəlləsi, https://e-qanun.az/framework/46960
Azərbaycanın da ratifikasiya etdiyi Avropa İnsan Hüquqları Kovensiyası, https://www.coe.int/az/web/compass/the-european-convention-on-human-rights-and-its-protocols
Framework Convention for the protection of national minorities, https://rm.coe.int/16800c12fd
Universal Declaration on Cultural Diversity, 02 November, 2001, https://www.ohchr.org/en/instruments-mechanisms/instruments/universal-declaration-cultural-diversity
Cultural rights in the case-law of the European Court of Human Rights, https://www.culturalpolicies.net/wp-content/uploads/2019/10/ECHR_Research_report_cultural_rights_ENG.pdf
Universal Declaration on Cultural Diversity, adopted 02 November, 2001, General Conference of the United Nations Educational, Science
AFFAIRE TOURKIKI ENOSI XANTHIS ET AUTRES c. GRÈCE (Requête no 26698/05)
CASE OF STANKOV AND THE UNITED MACEDONIAN ORGANISATION ILINDEN v. BULGARIA (Applications nos. 29221/95 and 29225/95)
AFFAIRE ULUSOY ET AUTRES c. TURQUIE (Requête no 34797/03)
Fourth Opinion on Azerbaijan – adopted on 8 November 2017, https://rm.coe.int/4th-acfc-opinion-on-azerbaijan-english-language-version/1680923201
National Minorities in Azerbaijan: new report published, https://www.coe.int/es/web/portal/news-2019/-/asset_publisher/gaVFYRTI7hqZ/content/azerbaijani-multiculturalism-welcomes-expressions-of-cultural-identity-but-increased-restrictions-on-democracy-absence-of-legislation-inflammatory-lan?_com_liferay_asset_publisher_web_portlet_AssetPublisherPortlet_INSTANCE_gaVFYRTI7hqZ_languageId=en_GB#p_com_liferay_asset_publisher_web_portlet_AssetPublisherPortlet_INSTANCE_gaVFYRTI7hqZ