logo

Platform for strengthening the rule of law and enlightening citizens in Azerbaijan

Maddə 96. Qanunvericilik təşəbbüsü hüququ

I. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.

II. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.

III. Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin razılığı ilə edilə bilər.

IV. Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdiyi qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulur.

V. Qanun və ya qərar layihəsini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.

VI. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.

VII. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.

Constitution of Azerbaijan