logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

“Abzas Media” işi: İbtidai araşdırma məlumatlarının yayılması ilə pozulan hüquqlar

Analiz
“Abzas Media” işi: İbtidai araşdırma məlumatlarının yayılması ilə pozulan hüquqlar

Noyabrın 21-də Xətai Rayon Məhkəməsinin qərarı ilə istintaq dövründə  “Abzas Media”-nın direktoru Ülvi Həsənli 4 ay,  baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) isə 3 ay 29 gün  müddətinə həbs edilib.

Sözügedən media subyektinin direktor müavini Məhəmməd Kekalov haqda isə noyabrın 23-də həbs qərarı verilib.

“Abzas Media”-nın digər bir əməkdaşı Nərgiz Absalamova barədə isə dekabrın 1-də 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  

Bu şəxslərin hamısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilir.

Məcəllənin həmin maddəsi bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılığı nəzərdə tutur.

Cinayət işinin istintaqını Bakı şəhər Baş Polis İdarəsi aparır.

25 noyabrda hakimiyyətyönlü “report.az” saytında “Abzas Media” rəhbərliyinin xarici donor təşkilatları ilə gizli əməkdaşlığı ifşa olunub - EKSKLÜZİV ARAŞDIRMA” adlı məqalə yayılıb. Reportun Analitik Qrupu adından təqdim edilən yazıda “Abzas”-ın beynəlxalq donor qurumları ilə əməkdaşlığı, həyata keçirdikləri layihələr və aldıqları qrant məbləğlərinə dair təfərrüatlı məlumatlar yayılıb.

Bundan əvvəl - 23 noyabr 2023-cü ildə isə yenə Reportun Analitik Qrupu adından yayılan başqa - “Abzas Media” sahiblərinin “diqqətindən yayınan” korrupsiya halları” adlı məqalədə isə “istintaq prosesində “Abzas Media”-nın Qərb institutlarından külli miqdarda maliyyə vəsaiti aldığının müəyyən edildiyi”, “alınan vəsaitin qeydiyyatsız olaraq ölkəyə gətirildiyi, qeyri-leqal formada realizə edildiyi”, “maliyyələşmədə adsız kartlardan da istifadə olunduğu” və s. iddia edilir.

Təqdim edilən məqalələrdə ictimailəşən məlumatların daha çox “Abzas Media” əməkdaşları barəsində açılan cinayət işinin materiallarından sızmalar olması ehtimal edilir.

Bu materiallar hakimiyyətyönümlü sayt və televiziyalarda kütləvi şəkildə tirajlanıb. 

Bəs, ibtidai araşdırma məlumatları hansı hallarda yayıla bilər? Hansı hallarda həmin məlumatların yayılması yolverilməzdir? Belə məlumatları yayma hansı pozuntulara səbəb olur və hüquqi nəticələr doğurur?

“Tribunat” bu və digər suallara cavab axtarıb. 

Əvvəla, ibtidai araşdırma dedikdə, cinayət işi üzrə ibtidai istintaq və təhqiqat növündə məhkəməyədək aparılan icraat nəzərdə tutulur.  İbtidai araşdırma yalnız cinayət işinin başlanması haqqında qərar çıxarıldıqdan sonra aparılır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 222-ci maddəsi ibtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyini nəzərdə tutur. Ancaq bu norma hər hansı cinayət təqibi üzrə bütün informasiyaların deyil, ibtidai araşdırma sirrini təşkil edən məlumatların yayılmasının yolverilməzliyini təsbit edir. Prosessual qanunvericilik bu cür məlumatlara o cümlədən cinayət təqibi üzrə sübutları da daxil edir.

İbtidai araşdırma sirrini təşkil edən məlumatların yayılmasına yalnız 2 halda icazə verilir.

  1. İbtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə;
  2. İctimai maraq kəsb etməsi, yanlış məlumatların yayılmasının qarşısının alınması və ya cinayətə görə məsuliyyətin labüdlüyünün nümayiş etdirilməsi ilə əlaqədar.

Birinci halda, müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi tələb edilir. Bu zaman cinayət prosesinin iştirakçıları və jurnalistlər yayılacaq məlumatın 2 şərtə cavab verməsini gözləməlidir. Bu şərtlər ibtidai araşdırmanın maraqlarına zidd olmama (1) və cinayət prosesinə cəlb edilmiş şəxslərin hüquqlarını zədələməmədir (2). 

İkinci halda isə belə icazə tələb edilimir, sözügedən məlumatlar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya ibtidai araşdırmanı aparan orqanı tərəfindən ya bilavasitə və ya media ilə açıqlanr.

Ancaq bu zaman yayılan məlumat 3 şərtə cavab verməlidir:  ictimai maraq kəsb etməli (1),  yanlış məlumatların yayılmasının qarşısını almalı (2) və ya törədilmiş cinayətə görə məsuliyyətin labüdlüyünü nümayiş etdirməlidir (3).

Prosessual qanunvericilik həmçinin açıqlanan məlumatın ibtidai araşdırma nəticələrindən ibarət olmasını, davam edən araşdırmanın maraqlarına, cinayət prosesinin digər iştirakçılarının şəxsi həyat toxunulmazlığı və təqsirsizlik prezumpsiyası hüquqlarına zidd olmayan həddə olmasını tələb edir.

Məhkəməyəqədərki icraat zamanı müstəntiq və ya təhqiqatçı cinayət prosesinin iştirakçılarını (şahid, zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh, onların nümayəndələri, mütəxəssislər, ekspertlər, tərcüməçilər, hal şahidləri, müdafiəçilər və s.) onların razılığı olmadan ibtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyi barədə yazılı xəbərdarlıq edir. 

Həmin şəxslərdən təhqiqat və ya ibtidai istintaq məlumatlarının yayılmasına görə cinayət məsuliyyəti daşımaları haqqında xəbərdarlıq barədə yazılı imza etdirilməklə iltizam alınır.

Ancaq yerli qanunvericilik məıumatların yayılmamasına dair xəbərdarlığı ibtidai araşdırmanı aparan orqanının məsul şəxsinə aid etmir.  

Ancaq bununla belə CPM-nin 84.3, 85.2.1386.2.12-cü maddələri ibtidai araşdırma sirrini təşkil edən məlumatlara daxil olan şəxsi həyatın toxunulmazlığı, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamağı prokurorun, müstəntiqin  və təhqiqatçının vəzifəsi hesab edir.

Ancaq sözügedən şəxslərin bu vəzifəsini icra etməməsinə görə hər hansı məsuliyyət növü nəzərdə tutulmur.  

Cinayət prosesini həyata keçirən şəxs yalnız xəbərdarlıq etmədikdə, yayılması cinayətin açılmasına, cinayət törətmiş şəxsin tutulmasına, ibtidai araşdırmanın normal gedişinə mane ola bilən məlumatların yayılmasına görə məsuliyyət daşıyır.

“Abzas Media” işi ilə bağlı istintaq orqanı ötən müddətdə açılmış cinayət işi və onun ilkin nəticələrinə dair ya müstəqil şəkildə yaxud da media vasitəsi ilə hər hansı məlumat yaymayıb. 

Bu isə ibtidai araşdırma məlumatlarının yayılmasının qanunun yol verdiyi ikinci halının mövcud olmadığını nümayiş etdirir.

Belədə birinci hal qalır. Ancaq bunun üçün cinayət prosesini həyata keçirən şəxsin icazəsinin (icazə yazılı olmalıdır) olub-olmadığı məlum deyil.

“Media haqqında” Qanunun 15.1.3-cü maddəsinə əsasən media subyekti və jurnalist tərəfindən  təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının yayılmasına yol verilmir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 300-cü maddəsi təhqiqat və ya ibtidai istintaq məlumatlarını yaymaya görə cinayət məsuliyyəti nəzərdə tutsa da, bu norma belə məlumatları yayan hər bir şəxsin məsyuliyyətini müəyyən etmir. Belə ki, bu ci­na­­tin sub­yek­ti yal­nız ib­ti­dai is­tin­taq ­lu­mat­la­­nın ya­yıl­ma­­nın yol­ve­ril­məz­li­yi haq­qın­da ­bər­dar edi­lən şəxs ola bi­lər.

Xəbərdarlığın edilmədiyi şəxsin isə ibtidai araşdırma məlumatlarının yayılmasına görə hər hansı bir məsuliyyəti yaranmır.

Yuxarıda isə cinayət prosesini həyata keçirən şəxslərin ibtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyi barədə yazılı xəbərdarlıqdan kənarda qaldığını qeyd etmişik.

Bütövlükdə isə Reportun Analitik Qrupu adından yayılan adıçəkilən məqalələrdə məlumatın həcmi və onun təqdim edilmə tərzi cinayət prosesinin iştirakçıları olan təqsirləndirlən şəxslərin hüquq və qanuni mənafelərini pozan həddədir.

Həmin məlumatlardaAbzas Media”-nın həbsdə olan təmsilçilərinin təməl hüququ -  təqsirsizlik prezumpsiyası kobud şəkildə pozulur və yayılan məlumat onların cinayəti törətməkdə şübhəli bilinməsinə dair həddi keçir.

Halbuki, Azərbaycan Konstitusiyasının 63 və CPM-nin 21-ci maddələri cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayıldığını elan edir.

Avropa İnsan Haqları Məhkəməsi bu vaxtadək Azərbaycana qarşı təqsirsizlik prezumpsiyası hüququnun pozuntusuna dair (Konvensiyanın 6.2-ci maddəsinin pozuntusu) 10-dan çox qərar qəbul edib.

Məsələn, “Fətullayev Azərbaycana qarşı” işində (Ərizə 40984/07)  Məhkəmə  bildirib ki, qanunla sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə təqsirləndirilən şəxs haqqında dövlət vəzifəli şəxsinin ifadəsində onun təqsirli olması haqqında rəy əks olunarsa, təqsirsizlik prezumpsiyası pozulur. Məhkəmə qeyd edib ki, ərizəçinin tanınmış jurnalist kimi mövqeyi ictimaiyyətin iddia edilən hüquqpozma və bundan sonra baş verən proseslər barədə məlumatlandırılmasının zəruriyyətini tələb etsə də, Baş prokuror söz seçimində xüsusi ehtiyatlı davranmalı idi. Baş prokuror istintaqın əvvəlində ərizəçinin məqaləsində terror təhlükəsinin olması barədə birmənalı bəyanat verib. Heç bir şərt və ya qeyd-şərt olmadan edilən bu xüsusi qeydlər ərizəçinin terror təhlükəsi ilə bağlı cinayət əməlini törətdiyini və bununla da məhkəmələr tərəfindən faktların qiymətləndirilməsini qabaqcadan mühakiməsini bəyan edib.

“Muradverdiyev Azərbaycana qarşı” işində (Ərizə no. 16966/06) isə Məhkəmə dövlət qurumlarının birgə bəyanatını analiz edib və həbs edilmiş bir neçə şəxsin ifadəsinə əsaslanaraq, ərizəçinin və digər həbs edilmiş şəxslərin cinayət əməlində əli olduğunun iddia edildiyi qənaətinə gəlib. Məhkəmə hesab edib ki, əvvəldən istifadə edilmiş söz imperativ və təsdiqedici olub. Məhkəmə qeyd edib ki, hüquq-mühafizə orqanlarının birgə bəyanatında heç bir qeyd-şərt qoyulmadan və ehtiyatsızlıqla söylədikləri bu qeydlər ərizəçinin təqsirsizlik prezumpsiyasına məhəl qoymayıb.

“Xədicə İsmayılova Azərbaycana qarşı” işində (No. 2) (Ərizə no. 30778/15) də Məhkəmə qeyd edib ki, artıq bir sıra işlərdə Azərbaycana qarşı Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinin pozulduğu müəyyən edilib. Bu işdə Məhkəmə Baş Prokurorluğun bəyanatında istifadə etdiyi sözlərin əvvəlki işlərlə oxşar olduğunu nəzərə almaqla eyni mülahizələri hazırkı işin hallarına da şamil edib. Belə ki, ərizəçinin “qeyri-qanuni hərəkətləri ört-basdır edilib” ifadəsini Məhkəmə onun təqsirinin açıq şəkildə bəyan edilməsi kimi qəbul edib. Həmçinin, bəyanatda “istintaq müəyyən edib ki, T.M. ərizəçinin istifadə etdiyi təhdid və təzyiqlər nəticəsində intihara cəhd etmişdir” ifadəsini Məhkəmə Fərhad Əliyev işinə (§ 218) istinad edərək kiminsə cinayət törətməkdə sadəcə şübhəli bilindiyi barədə bəyanatla, yekun hökm olmadığı halda, şəxsin sözügedən cinayəti törətdiyi barədə açıq-aydın bəyannamə arasında əsaslı fərq qoyulmalı olduğunu vurğulayıb.

“Media haqqında” Qanunun 14.1.14-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir.

Sözügedən Qanunun 77.1-ci maddəsi Bu Qanunun tələblərinin pozulmasında təqsirli olan şəxslərin mülki, inzibaticinayət məsuliyyət daşıdığını nəzərdə tutur.

"Abzas Media" rəhbərliyinin xarici donor təşkilatları ilə gizli əməkdaşlığı ifşa olunub - EKSKLÜZİV ARAŞDIRMA, https://report.az/analitika/abzas-media-rehberliyinin-xarici-donor-tes-kilatlari-ile-gizli-emekdas-ligi-askarlanib/

“Abzas Media” sahiblərinin “diqqətindən yayınan” korrupsiya halları, https://report.az/analitika/abzas-media-sahiblerinin-diqqetinden-yayinan-korrupsiya-hallari/

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, https://e-qanun.az/framework/46950 

Azərbaycan Respublikası Cinayət Məcəlləsi,  https://e-qanun.az/framework/46947

Azərbaycan Respublikası Konstitusiyası, https://e-qanun.az/framework/897 

Case of Fatullayev  v. Azerbaijan   ( Application no 40984/07)  

Case of Khadija Ismayılova v. Azerbaijan  (No. 2) (Application no. 30778/15)

Case of Muradverdiyev  v. Azerbaijan   (Application no. 16966/06)

7 Dekabr, 2023