logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Jurnalistin təcridxanada müsadirə edilən şeirləri

Analiz
Jurnalistin təcridxanada müsadirə edilən şeirləri

“Abzas Media” işi üzrə həbs edilmiş araşdırmaçı-jurnalist Hafiz Babalının satirik şeirləri saxlandığı Bakı İstintaq Təcridxanasının (BİT) əməkdaşları tərəfindən müsadirə edilib. Yayılan məlumatlara görə, onun saxlanıldığı kamerada axtarış aparılıb və həbsxanada olduğu müddətdə yazdığı onlarla şeir əlindən alınıb. Təcridxananın rəisi Elnur İsmayılov H.Babalını otağına gətirdərək bir daha bu cür şeirlər yazmaması ilə bağlı ona xəbərdarlıq edib. 

Yerli medianın və sosial şəbəkə istifadəçilərinin yaydığı məlumatda jurnalistin “şeirləri”ndən bəhs edilsə də, onun təcridxanada müsadirə edilən yalnız bir şeiri təqdim edilir. “Yetirin o zata ki, külli islah olmuşam” sərlövhəli bu şeirdə hakim siyasət ironik tənqidə məruz qoyulur, jurnalist daha korrupsiya, büdcə israfçılığı və s. kimi “həssas” mövzularda yazmayacağına “vəd verir”, bir aylıq həbsin belə onu islah etdiyi və bu ismarıcın onu həbsinə qərar vermiş şəxsə çatdırılması kimi məsələlər öz əksini tapır.

“Tribunat” Hafiz Babalının şeirlərinin müsadirəsinin qanunauyğunluğunu araşdırıb.

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun (bundan sonra Qanun) 15.1.8-ci maddəsi və “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın (bundan sonra Qaydalar) 8.1.8-ci bəndi həbs edilmiş şəxslərin ədəbiyyatdan, o cümlədən xüsusi ədəbiyyatdan istifadə etmək, istintaq təcridxanasının kitabxanasından istifadə üçün ədəbiyyat, qəzet və jurnal götürmək və ya istintaq təcridxanasının müdiriyyətinin nümayəndəsinin vasitəsilə ticarət köşkündən öz vəsaiti hesabına yazı ləvazimatı, ədəbiyyat, qəzet və jurnal əldə etmək və ya onlara abunə yazılmaq hüququnu tənzimləyir. 

Qanunun 15.1.14-ci maddəsi və Qaydaların 8.1.14-cü bəndi isə tutulmuş və ya həbs edilmiş şəxslərin əqli fəaliyyətinin nəticəsi olan yazıları və ya onların surətlərini özündə saxlamaq hüququnu nəzərdə tutur. 

İstinad edilən normalar H.Babalıya bədii yaradıcılıqla məşğul olmağa və onun nəticəsi olan məhsulunu özündə saxlamağa imkan verir. 

Hər iki sənəddə, üstəlik Qaydalara əlavələrdə istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısında əqli fəaliyyətin nəticəsi olan yazılar və ya onların surətləri nəzərdə tutulmayıb. 

Belə olan halda, Babalının şeirlərinin BİT əməkdaşları tərəfindən müsadirəsi və müəssisə rəisinin daha belə şeirlər yazmamaqla bağlı ona xəbərdarlıq etməsi qanunsuz hesab edilməlidir.

Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) dövlət qurumlarının cəzaların icrası zamanı geniş diskresion səlahiyyətini tanısa da, “Konvensiya həbsxana qapısında dayanmır” (bax, Xodorkovski və Lebedev Rusiyaya qarşı, §836). 

Penitensiar müəssisələrdə saxlanılan şəxslərin sırf statusuna görə hansısa hüquq və azadlıqlarından məhrum edilməsi qəbuledilməzdir (bax, Hörst Birləşmiş Krallığa qarşı, §69). Penitensiar müəssisələrdə olan şəxslər təməl hüquq və azadlıqlardan, o cümlədən, ifadə azadlığından yararlanmağa davam edirlər (bax, Yankov Bolqarıstana qarşı, §126).

Zayidov Azərbaycana qarşı (no.2) işində Məhkəmə jurnalistin saxlandığı təcridxanada əlyazmalarının müsadirə edilməsini  onun ifadə azadlığının pozuntusu kimi qiymətləndirib.

Bu işdə ərizəçi Qənimət Səlim oğlu Zayidov (daha çox Qənimət Zahid imzası ilə tanınır) Bakı İstintaq Təcridxanası (həmin dövrdə bu adı hazırda Kürdəxanıda yerləşən təcridəxana deyil, Bayılda yerləşən keçmiş təcridxana daşıyırdı – red) və cəzaçəkmə müəssisəsində olduğu dövrlərdə penitensiar müəssisə barədə təəssüratlarını, təcrübələrini, maraqlı əhvalatları və digər məqamları əks etdirən “jurnalist janrında” əlyazma ərsəyə gətirmişdi. Əlyazma hazır olandan sonra ərizəçi nüsxəni müəssisənin səlahiyyətli şəxslərinə təqdim etməsinə və onlardan yaxın adamlarına çatdırmaq xahişinə baxmayaraq, əlyazma müsadirə edilmiş və yandırılaraq məhv edilmişdi. 

Ərizəçi Konvensiyanın 10-cu maddəsi ilə qorunan ifadə azadlığı hüququnun pozulduğunu iddia edərək Məhkəməyə müraciət etdi.

Şikayətin kommunikasiyası zamanı Hökumət əlyazmaların müsadirəsinə və məhvinə qanuni əsas kimi 24 mart 2004-cü ildə qəbul edilmiş Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarının 105, 110 və 182-ci bəndlərinə istinad etdi və əlyazmada  “nalayiq məzmun” və “penitensiar müəssisə barədə açıqlanmasına icazə verilməyən məlumatlar”ın olduğunu iddia etdi. 

AİHM sözügedən Qaydaları nəzərdən keçirirək bildirdi ki, qanunvericiliyin bu cür formulə edilməsi  Konvensiyanın “keyfiyyətli qanun” standartına uyğun deyil, çünki nalayiq məzmun və açıqlanmasına icazə verilməyən məlumat kifayət qədər geniş miqyaslı ifadələrdir. Digər tərəfdən, sözügedən qaydalar penitensiar müəssisənin idarəçiliyinin ixtiyari qərarlarına kifayət dərəcədə prosedural qarantiyalar ehtiva etmir. Buna görə, müsadirə halı ilə qarşılaşan və bu cür qərarla razı olmayan ərizəçinin qərara etiraz etməyə imkanları kifayət qədər məhdud idi. Habelə, Zayidovun əlyazmaları penitensiar qurum tərəfindən “yazışma” kimi təsfir edilib. Bu cür təfsir qanunvericiliyin təbii anlayışına birbaşa zidd olan izahdır, çünki yazışma şəxsi məqsədlər üçün olan kommunikasiyadırsa, ərizəçinin əlyazması jurnalist materialı idi. Məhz buna görə, bu cür müsadirə, həmçinin, birbaşa qanunvericilikdə əks olunmayaraq, ifadə azadlığına müdaxilə üçün “qanunvericiliklə əsaslandırılma” standartı ilə də uyğunlaşmır. 

Hökumətin bu işdəki mövqeyini əsas tutub, Hafiz Babalının şeirlərinə də yazışma kimi yanaşa biləcəyini ehtimal etsək belə, yenə araşdırmaçı-jurnalistin hüquqlarının pozuntusu ilə qarşılaşacağıq. 

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 17-ci və “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın 12-ci maddəsinə əsasən, tutulmuş və ya həbs edilmiş şəxslərin müdafiəçi və ya qanuni əsaslarla hüquqi yardım göstərən digər şəxslərlə yazışmaları istisna olmaqla onların aldıqları və göndərdikləri digər yazışmaların  məhdudlaşdırılması və senzuradan keçirilməsi yalnız 3 məqsəd - hazırlanan cinayətlərin qarşısını almaq (1); cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək (2) və həbs yerində rejimi təmin etmək (3) üçün həyata keçirilə bilər. Birinci iki halda cinayət prosesini həyata keçirən orqanın, sonuncu halda isə həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarı tələb edilir.

Halbuki, H.Babalının satirik şeirlərinin BİT əməkdaşları tərəfindən götürülməsi bu 3 məqsədin heç birinə uyğun gəlmir. Çünki onun şeirləri nə hazırlanan cinayətlərlə əlaqəlidir, nə cinayət təqibinin və şəxslərin təhülkəsizliyinin təmin edilməsinə hər hansı maneçilik törədir, nə də həbs yerində rejimə təhlükə yaradır.  

Digər tərəfdən, yazışmalara müdaxilə yalnız cinayət prosesini həyata keçirən orqanın və həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə baş verə bilər. 

Zayidov Azərbaycan qarşı qərarından göründüyü kimi, penitensiar xidmət əməkdaşları məhv edilən əlyazmalarda “nalayiq məzmun” və “açıqlanmasına icazə verilməyən məlumat”a istinad etsələr də, qərarda bunu təsdiq edəcək heç bir çıxarış mövcud deyildi (§70). 

Konvensiyanın 10-cu maddəsi ifadə azadlığına müdaxiləyə qanunla nəzərdə tutulduğu, demokratik cəmiyyətdə zəruri olduğu, milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunduğu halda icazə verir. 

H.Babalının təcridxanada yazdığı tənqidi şeirlərinə məhdudiyyət qanunla nəzərdə tutulmadığından, onun ifadə azadlığına müdaxilənin hər hansı legitim məqsəd güdüb-güdməməsini və demokratik cəmiyyətdə zəruri olub-olmamasını da yoxlamağa ehtiyac qalmır. 

Yeri gəlmişkən, Zayidovun işində istintaq altında olan şəxslərin saxlanması qaydaları qəbul edilmədiyindən (hadisə 2008-ci ildə baş vermişdir), onun şikayətinə münasibətdə də yerli qanunvericilik aktlarından biri və əsası kimi 10 fevral 2011-ci ilə qədər qüvvədə olmuş Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları tətbiq edilib.  Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə Azərbaycanda "İstintaq təcridxanalarının daxili intizam Qaydaları" qəbul edilsə də,  ancaq bu Qaydalar presedent qərarın aktual etdiyi əsas məsələni - cinayət təqibi altında olan şəxsin bədii yaradıcılıq məhsulunun yazışma anlayışının hüdudlarından kənara çıxmasını və onun müstəqil şəkildə tənzimlənməli olmasını nəzərdən keçirməyib. AHİM-in bu qərarı 24 mart 2022-ci ildə elan edilsə də, sonradan yerli qanunvericilikdə bu qərara uyğun hər hansı dəyişiklik də edilmədiyi üçün həbs edilmiş şəxslərin yaradıcılıq nümunələrinin yazışma, yoxsa əqli mülkiyyət məhsulu olması ilə bağlı aydın müddəalar qanunvericlik həllinə gətirib çıxarmadı. 

Beləliklə, araşdırmaçı-jurnalist Hafiz Babalının təcridxana əməkdaşları tərəfindən şeirlərinin müsadirəsi (götürülməsi) əlahiddə hal kimi nəzərdən keçirilə bilməz. 

Azərbaycanda həbsdə olan jurnalistlər publik açıqlamlarına və saxlandıqları təcridxanada müxtəlif problemlərə dair apardıqları araşdırmalarına görə vaxtaşırı təzyiqlərə məruz qalırlar. Məsələn, BİT-də işgəncə hallarını işıqlandırdığına görə “Abzas Media”nın direktoru Ülvi Həsənli, məhkəmədə tənqidi fikirlərinə görə “Toplum TV” işinə görə həbs edilmiş, III Respublika Platformasının spikeri Akif Qurbanov BİT rəisi Elnur İsmayılov tərəfindən təhdid edilib. 

Tənqidçilərin siyasi motivli ittihamlarla təqib olunması, onlara penitensiar müəssisələrdə belə səsləndirdikləri fikirlərə görə təzyiq olunması ölkədə ifadə azadlığına dözümsüzlüyün ildən-ilə artmasının göstəricisi hesab edilməlidir. 

“Sərhədsiz Reportyorlar” beynəlxalq media qurumunun bu il mayın əvvəlində yaydığı Dünyada Media Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 167-ci yeri tutub. Ölkə Belarusdan yalnız bir pillə geridə qalmaqla, Şərqi Avropa və Mərkəzi Asiya regionlarında media azadlığı ən pis vəziyyətdə olan üç ölkədən biri olub.

“Tribunat”ın gəldiyi nəticəyə əsasən araşdırmaçı-jurnalist Hafiz Babalının saxlandığı təcridxanada şeirlərinin müsadirəsi ifadə azadlığının pozuntusudur, onun ifadə azadlığına müdaxilə qanunla nəzərdə tutulmayıb və bu hadisə bir təqsirləndirilən şəxsin bədii yaradıcılıq nümunəsinin qanunsuz məhdudlaşdırılması çərçivəsindən kənara çıxmaqla ölkədə ifadə azadlığının təqibinin geniş kontekstinə aiddir.  


 

Gündüz Ağayevin “Facebook” sosial şəbəkəsində paylaşımı; https://www.facebook.com/gunduzartist/posts/yetirin-o-zata-ki-k%C3%BClli-islah-olmu%C5%9Famyetirin-o-zata-ki-k%C3%BClli-islah-olmu%C5%9Faminan-v/1195669315264013/ 

Hafiz Babalının qadağan olunmuş şeiri: “Yetirin o zata ki, külli islah olmuşam” https://abzas.org/az/2025/4/hafiz-babalnn-qadagan-olunmuc1c82b84-5/ 

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi; https://e-qanun.az/framework/46950 

Azərbaycan Respublikasının “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunu; https://e-qanun.az/framework/23933 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” Qərarı; https://e-qanun.az/framework/33805 

Azərbaycan Respublikasının Konstitusiyası; https://e-qanun.az/framework/897 

Avropa İnsan Hüquqları Məhkəməsi, Xodorkovski və Lebedev Rusiyaya qarşı, https://hudoc.echr.coe.int/eng?i=001-122697 

Avropa İnsan Hüquqları Məhkəməsi, Hörst Birləşmiş Krallığa qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-70442 

Avropa İnsan Hüquqları Məhkəməsi, Yankov Bolqarıstana qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-61539 

Avropa İnsan Hüquqları Məhkəməsi; Zahidov Azərbaycana qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-216356 

Avropa İnsan Hüquqları Məhkəməsi, Nilsen Birləşmiş Krallığa qarşı; https://hudoc.echr.coe.int/eng?i=001-97900 

Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları; https://e-qanun.az/framework/10994 

Bakı İstintaq Təcridxanasında nəzarətçinin əvəzinə məhbus cəzalandırılıb; https://abzas.org/az/2025/5/bak-istintaq-tcridxanasnda1c215195-4/ 

Kürdəxanı təcridxanasından işgəncə iddiaları gəlir. Rəsmilər təkzib edir; https://www.azadliq.org/a/ulvi-hesenli-hebsxana-isgence/33061931.html 

Elnarə Qasımova: "Ölkədə vətəndaşların hüquqları necə pozulursa, Təcridxanada saxlanılan şəxslərin hüquqları da elə tapdalanır"; https://abzas.info/az/2025/1/elnar-qasmova-olkd-vtn54d705da-a/ 

Bakı İstintaq Təcridxanasının “rüşvət rentgeni”; https://toplummedia.tv/siyaset/pbaki-istintaq-tecridxanasinin-ldquoruumlsvet-rentgenirdquop 

Ülvi Həsənlinin təcridxanada ölümlə təhdid edildiyi bildirilir; https://abzas.net/en/2024/8/ulvi-hsnlinin-tcridxanada-o883f723e-d/ 


 

16 May, 2025