logo

Azərbaycanda hüququn aliliyinin gücləndirilməsi və vətəndaşların maarifləndirilməsi üçün platforma

Azərbaycanın penitensiar müəssisələrində tibbi yardıma çatımlılıq problemləri

Analiz
Azərbaycanın penitensiar müəssisələrində tibbi yardıma çatımlılıq problemləri

AbzasMedianın yaydığı xəbərdə 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan qadın məhbusların vaxtında və keyfiyyətli tibb yardım ala bilmədiyi bildirilib. Sözügedən nəşrin həbsdə olan jurnalisti Nərgiz Absalamovanın verdiyi məlumata görə, 200 nəfərlik qadın korpusunda məhbusların yalnız rüşvət qarşılığında tibbi yardım almaları mümkündür.

“Tribunat” Azərbaycanın penitensiar müəssisələrində tibbi yardıma çatımlılıq problemini araşdırıb.

Həbsdə olan şəxslərin tbbi yardıma çatımlılığının qanuni əsasları kimi Azərbaycan Konstitusiyası (maddə 41), “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun (12, 15, 22, 29-cu maddələr), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları (27.6-ci maddə), yenə Nazirlər Kabinetinin 18 aprel 2013-ci tarixli 67 saylı qərarı ilə təsdiq edilmiş “Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi  yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları” və s. göstərilə bilər.  

Beynəlxalq qanunvericiliyə nümunə kimi isə Avropa Penitensiar Qaydalarını (39, 40 və 46-cı maddələr) göstərə bilərik. Həmçinin BMT-nin Məhbuslarla davranışın minimal standart Qaydalarına görə (Nelson Mandela Qaydaları) dövlətin məsuliyyəti məhkumlara onların hüquqi statusundan asılı olmayaraq digərləri ilə eyni standartlarda pulsuz tibbi xidməti təmin etməkdir. (bax 24-cü qayda). BMT-nin Məhbuslarla rəftarın əsas Prinsiplərinin 9-cü bəndi də məhkumların hüquqi statusundan asılı olmayaraq hər hansı ayr-seçkiliyə məruz qalmadan ölkədəki mövcud səhiyyə xidmətlərindən istifadə etmək hüququnu tanıyır.

Penitensiar müəssisələrdə məhkum və təqsirləndirilən şəxslərə tibbi xidmətin göstərilməsinin təmin edilməsi Ədliyyə Nazirliyinin Tibbi Baş İdarəsinin səlahiyyətinə aiddir. İdarənin Əsasnaməsinə görə, sözügedən idarənin vəzifələrinə məhkum və təqsirləndirilən şəxslərin sağlamlığının mühafizəsi üçün kompleks proflaktika, müayinə, müalicə, maarifləndirmə, bərpa-sağlamlaşdırıcı və digər tibbi tədbirləri keçirmək (7.3-ci bənd), stasionar müalicəyə və xüsusi müayinəyə ehtiyacı olan məhkumların və təqsirləndirilən şəxslərin müvafiq qaydada müalicə müəssisələrinə göndərilməsini təmin etmək (7.11-ci bənd) daxildir. Bundan əlavə Xüsusi Həkim Ekspert Komissiyası (XHEK) vasitəsilə psixi və sair ağır xəstəliklərə tutulmuş məhkumların şəhadətələndirilməsini həyata keçirmək, onların cəza çəkməkdən azad olunması və ya məcburi müalicəyə göndərilməsi haqqında rəy vermək (7.13-ci bənd), həmçinin xəstə və dispanser qeydiyyatında olan məhkum və təqsiriləndirilən şəxslərin yerdəyişmə və ya saxlanma şəraitinin sərtləşdirilməsi ilə əlaqədar sağlamlıq vəziyyəti barədə rəy vermək də  (7.15-ci bənd) Baş İdarənin vəsifəsidir.

Ancaq Tibb Baş İdarəsi təqsirləndirilən və ya məhkum olunmuş şəxslərin tibbi xidmətə çatımlılığı və ya göstərilən tibbi xidmətlərlə bağlı məlumatları cəmiyyətlə bölüşmür.

Ədliyyə Nazirliyinin saytında idarənin fəaliyyəti ilə bağlı yalnız idarənin rəis, rəis müavini və qurumun fəaliyyət istiqəmətləri barədə qısa məlumata rast gəlmək olur. Digər məlumatlar  – baş idarənin strukturu, ona ayrılan büdcə, həyata keçirdiyi layihələr, yaxud da dövlət satınalmaları, strukturuna daxil olan tibb müəssisələrinin maddi-texniki bazasının vəziyyəti, penitensiar müəssisələrdə ayrı-ayrı xəstəliklər üzrə müayinə və müalicə standartları,  beynəlxalq əməkdaşlığı və s. bölmələri ya yoxdur, ya boşdur, yaxud da “işlənilir” deyə ismarıc qoyulub. 

Halbuki, Əsasnaməyə görə, qurumun öz internet saytı olmalı və fəaliyyəti haqqında ictimai maraq kəsb edən məlumatların kütləvi informasiya vasitələrində yayılmasını təşkil etməlidir.

Başqa sözlə desək, idarənin ümumi fəaliyyəti barədə məxfi olmayan məlumatların cəmiyyətə təqdim olunmaması qurumun hesabatlılğını azaltmaqla yanaşı fəaliyyətinin səmərəliliyinin də yoxlanılmasına imkan vermir.

Bu səbəbdən də penitensiar müəssisələrdə fəaliyyət göstərən tibbi personal, həmin personala dövlət büdcəsindən ayrılan vəsaitin həcmi, göstərilən tibbi xidmət növləri və standartları, həmin xidmətlərə dair illər üzrə məlumatlar və  s. kimi vacib məsələlər az qala xüsusi sirr kimi qorunur.

Azərbaycanda hər bir təcridxanada və cəzaçəkmə müəssisəsində tibbi-sanitar bölmə mövcud olsa da, orada çalışan tibbi heyətin say tərkibi, həmin bölmələrdə quraşdırılan tibbi avadanlıqlar, heyətin iş qrafiki, növbəliliyi və göstərilən tibbi xidmət növləri ilə bağlı məlumatlar açıq mənbələrdə ya demək olar ki yoxdur, yaxud da da ayrı-ayrı xəbərlərdə ümumi şəkildə ifadə edilir. 

İşgəncələr Əleyhinə Komitənin 3 iyul 2024-cü ildə yaydığı hesabata görə 4 saylı Pentensiar Müəssisəni ziyarət edərkən 518 məhbus üçün ümumi 51 nəfər həbsxana heyəti olduğunu qeyd edib ki, bu əsasən kifayət deyil (bax 54-cü bənd). Təəssüf ki, hesabatda ayrıca təcridxana və ya həbs yerlərində tibbi heyətin sayı verilməyib. Lakin 4 saylı Pentensiar Müəssisənin nümunəsini müqayisə üçün götürsək, digər müəssisələrdə də işçi heyətinin, o cümlədən tibbi heyətin kifayət olmadığı nəticəsinə gələ bilərik.

Bundan başqa, Azərbaycanda Penitensiar Xidmətin Müalicə Müəssisəsi və vərəm xəstəliyinə yolxumuş məhkumlar üçün ixtisaslaşdırılmış müalicə müəssisəsi də fəaliyyət göstərir.

Ancaq həbs edilmiş şəxslərin stasionar müalicə üçün Müalicə Müəssisəsinə köçürülməsi və orada saxlanması ilə bağlı ciddi problemlərin olduğu barədə vaxtaşır iddialar səslənir. Məhkumların sözügedən müəssisəyə köçürülməsi, orada saxlanması və müalicəsi üçün böyük korrupsiya şəbəkəsinin mövcudluğuna dair yerli mediada tez-tez məlumatlar səslənir, baş həkimlərin vəzifələrindən sui-istifadəsi hallarının mövcud olduğuna dair təkzib olunmayan iddialar yayılır. Yaxud da məhkumların əliliyinin təyin olunması və ya əlilliyin  dərəcəsinin dəyişdirilməsinə maneə yaradılması halları ilə bağlı da şikayətlər var.

Bəzən isə sadəcə heç bir səbəb göstərmədən müayinə və müalicədən imtina hallatrına da rast gəlinir. Məslən, “Toplum TV” işi üzrə həbs edilmiş məhbus siyasətçi Ruslan İzzətli saxlandığı Bakı İstintaq  Təcridxanasında ağrıları olduğu üçün müayinə olmaq istəyib, lakin həkim onu müayinə etməkdən imtina edib.

Bundan başqa, Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi  yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları”nda tutulmuş və ya həbs edilmiş şəxsin, yaxud onun müdafiəçisinin vəsatəti ilə, cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında tibbi müayinənin həmin şəxsin özünün seçdiyi digər tibb müəssisələrinin mütəxəssisləri tərəfindən də həyata keçirilə biləcəyi nəzərdə tutulsa da, həmin normanın praktiki təminatı faktiki olaraq təmin edilmir.

Eyni fikri müalicəsi mümkün olmayan tutulmuş və ya həbs edilmiş şəxsin, müalicə-profilaktika tədbirlərinin həmin şəxsin özünün seçdiyi digər tibb müəssisəsində həyata keçirilməsi barədə də deyə bilərik. Məsələn,  media eksperti -  “Toplum TV” işi üzrə həbs edilmiş hüquqşünas Ələsgər Məmmədli öz hesabına müalicə almaq istəməsinə baxmayaraq ona bu imkan yetərli şəkildə yaradılmayıb. Ailə üzvünün dediyinə görə, mülki xəstəxanada müayinə zamanı təhlükəsizlik qüvvələri Məmmədliyə ehtiyac olan bütün analizlərin verilməsi üçün şərait yaratmayıblar.

Hərçənd ki, hər iki halda  tibbi müayinənin xərcləri tutulmuş və ya həbs edilmiş şəxsin öz vəsaiti hesabına ödənilir.

Eyni zamanda, tutulmuş və ya həbs edilmiş şəxslər yeməkdən imtina etdikdə, onların  tibbi müayinəsinin keçirilməsi və nəzarət altında saxlanması, hər gün müayinə edilməsi, onun psixi və somatik vəziyyətinin, o cümlədən fizioloji göstəricilərinin qeydə alınması istiqamətində də problemlər mövcuddur. Belə ki uzun müddətdir ki, aclıq edən siyasi məhbus Fazil Qasımov  bu cür problemlərlə üzləşib.

Həmçinin rasionda müxtəlifliyə və pəhrizə riayət edilməklə, gündə üç dəfə qidalanma ilə bağlı problemlər var. Penitensiar müəssisələrdə saxlanan məhbusların yaxınlarının hər həftə müəssisəyə ərzaq bağlamarı aparması, yalnız uzaq rayonlardan olan məhbusların müəssisələrdə verilən qidalarla qidalandığı barədə inkar edilməyən məlumatlar var. Kameralarda temperaturun mövsimə uyğun olmaması, qışda soyuq, yayda isə həddən artıq isti olmasına, eləcə də sanitar-gigiyena normalarına uyğun sanitar qovşağın problem olması, isti-soyuq suyun verilməsində tez-tez baş verən fasilələrə , hamam növbələrinə s. dair də məhkumların narazılıq etdiyi bu sıradandır. Keçmiş siyasi məhbsular üzləşdikləri bu problemləri ictimaiyyətlə bölüşüblər.

Bundan başqa, Azərbycanda penitensiar müəssilərin əlil məhbuslara uyğunlaşdırlması ilə bağlı da problemlər mövcuddur.  Əlilliyi olan siyasi məhbus Famil Xəlilov məhkəmə dinləmələrində qollarının iflic olmasına baxmayaraq həbsxanada ona xüsusi həkim nəzarəti və ayrıca kömək olmadığını bildirib.

Həftəsonları, bayram və digər qeyri-iş günlərində penitensiar müəssisələrdə tibbi heyətin iş standartları da qeyri-müəyyəndir. Ədliyyə orqanlarında qulluq keçmə haqqında Qanunda zəruri hallarda ədliyyə orqanları işçilərinin iş vaxtından sonra, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə qulluq vəzifələrinin yerinə yetirilməsinə cəlb edilə biləcəyi nəzərdə tutulsa da, qeyri-istisna hallarda vəziyyətin necə tənzimləndiyi qaranlıq qalr.

Avropa İnsan Hüquqları Məhkəməsinin presedentində məhbusların tibbi xidmətə çıxış hüququ əsasən Konvensiyanın 3-cü maddəsi, yəni, pis rəftara məruz qalmamaq hüququ kimi tənzimlənir.  

3-cü maddənin pozuntusu təsbit edilən Venerski Polşaya qarşı işində (Ərizə  no. 44369/02)  Məhkəmə bildirib ki, həbs edilmiş və ya tutulmuş şəxslər tibbi yardıma çatımlılıq baxımından əlverişsiz vəziyyətdədirlər. Xüsusən də tibbi xidmətə təcili ehtiyac varsa,  şəraitdən asılı olmayaraq  məhkumların adekvat və lazımi tibbi xidmətlə təmin edilməsi dövlətin öhdəliyindədir (bax, qərarın 61-ci bəndi).

Yunusova və Yunusov Azərbaycana qarşı işində (Ərizə  no. 59620/14)  Məhkəmə ərizəçinin tibbi yardım almaq üçün müraciət etməsinə baxmayaraq, bunun təmin edilməməsini bəzi hallarda bu davranışın 3-cü maddə mənasında alçaldıcı rəftar olduğunu qənaətinə gəlmək üçün kifayət olduğunu bildirib (bax, qərarın 149-cu bəndi).

Eldar Həsənov Azərbaycana qarşı işində (Ərizə no. 12058/21) isə Məhkəmə vurğulayıb ki, 3-cü maddə məhbusların sağlamlıq vəziyyətinə görə azad edilməsi üçün öhdəlik qoymasa da, dövlətin üzərinə azadlıqdan məhrum edilmiş şəxslərin lazımı tibbi yardımla təmin olunmaq kimi fiziki rifahını qorumaq öhdəliyi qoyur (bax, qərarın 95-ci bəndi).

Məhbusların tibbi xidmətdən yararlanmaq hüququ bəzən 2-ci maddə (Yaşamaq hüququ) hüquqları altında da nəzərdən keçirilib. Məsələn, Mustafayev Azərbaycana qarşı işində (Ərizə no. 47095/09) Məhkəmə vurğulayıb ki, Konvensiyanın 2.1-ci maddəsinə görə “dövlət təkcə insanların qəsdən və qanunsuz olaraq həyatlarına son qoymaqdan çəkinməli deyil, həm də öz yurisdiksiyasında fərdlərin həyatını qorumaq üçün lazımı addımlar atmaq onun pozitiv öhdəliyidir” (53-cü bənd).

“Tribunat”ın gəldiyi qənaətə görə, məhkum və təqsirləndirilən şəxslərin adekvat tibbi yardıma çatımlılığının təmin edilməməsi dövlətin pozitiv öhdəliyini pozur.

Bakı İstintaq Təcridxanasında nə həkim, nə də dərman tapılır

https://abzas.org/az/2024/11/bak-istintaq-tcridxanasnda21895eb5-a/

Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

https://e-qanun.az/framework/23933

“Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

https://e-qanun.az/framework/25647  

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

https://e-qanun.az/framework/23934

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsi haqqında Ə S A S N A M Ə

https://justice.gov.az/documents/idareler/20.pdf

Avropa Penitensiar qaydaları

https://justice.gov.az/categories/103

Biopsiya müayinəsi Ələsgər Məmmədlinin xərçəng olmadığını göstərib

https://jam-news.net/az/toplum-tv-isi-%C9%99l%C9%99sg%C9%99r-m%C9%99mm%C9%99dli-2/

Həyat yoldaşı: “Həkim Ruslan İzzətlini müayinə etməkdən imtina edib”

https://www.meydan.tv/az/article/heyat-yoldasi-hekim-ruslan-izzetlini-muayine-etmekden-imtina-edib/

Fazil Qasımov 53 gündür etiraz olaraq aclıq edir

https://www.amerikaninsesi.org/a/7730043.html

Yazılmamış qanunlar, isti və musiqi: Azərbaycan həbsxanası

https://www.bbc.com/azeri/azerbaijan-41706505

Famil Xəlilov: “Siz mənim yerimdə olmasanız, məni başa düşməzsiniz”

https://www.meydan.tv/az/article/famil-xelilov-siz-menim-yerimde-olmasaniz-meni-basa-dusmezsiniz/  

Məhkum: “Müalicə müəssisəsində baş həkimin çox sayda qanunsuz əməllərinə şahid olmuşam

https://gozetci.az/2021/03/18058?fbclid=IwZXh0bgNhZW0CMTAAAR3P7t-JzfJ0McYEIwPBvCHB4po01hyZnp2Xpz3z2zIlEsdLggESP-5F36Q_aem_gp7QAIIZ0KO1lQHlHBYCEA

Məhkum əlilliyinin təyin olunmamasından şikayətçidir

https://gozetci.az/2022/05/28168

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

 https://justice.gov.az/idareler/85

Report to the Azerbaijani Government on the visit to Azerbaijan

carried out by the European Committee for the Prevention of Torture and Inhuman or Degrading Treatment or Punishment (CPT) from 12 to 19 December 2022

https://rm.coe.int/1680b08fa3

Ədliyyə orqanlarında qulluq keçmə haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

https://e-qanun.az/framework/11763

Case of Wenerski v Poland (Application no. 44369/02) 

Case of Humbatov v Azerbaijan (Application 9852/03 və 13413/04)

Case of Yunusova and Yunusov v Azerbaijan ( Application  no. 59620/14)

Case of Eldar Hasanov v Azerbaijan (Application no. 12058/21)

Case of Mustafayev  v Azerbaijan (Application no. 47095/09)

26 Noyabr, 2024