Həbsxanada aclıq edən məhbusun işi: Dövlətin öhdəliyi nədir?
Analiz
Radio Free Europe
1 saylı Bakı İstintaq Təcridxanasında 62 gün aclıq aksiyası keçirən təqsirləndirilən Şaiq Kazımov vəfat edib. O, mayın 24-ü polis tərəfindən saxlanılıb və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib. İşinə obyektiv yanaşılması tələbi ilə aclıq aksiyası keçirən məhbus 66 kiloqram çəki itirdikdən sonra iyulun 30-da vəfat edib.
Şaiq Kazımovun anası Nərminə Ələkbərova oğlunun işgəncəyə məruz qaldığını iddia edir. Şikayətçi qeyd edib ki, oğlu təcridxanaya köçürüldükdən sonra ona zəng edib və şərləndiyini, bədənində sağlam yerin olmadığını deyib. Bu zəngdən iki gün sonra Şaiq damarlarını kəsərək intihara cəhd edib. Nərminə Ələkbərova qeyd edib ki, o, Prezidentə, vitse-prezidentə, Baş prokurora, Ombudsmana iki aydır müraciət edib. Şikayətlərdən sonra həkimləri göndəriblər, həkimlər onlara deyiblər ki, oğlu aclıq aksiyası keçirmir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis vəzifəsini icra edən Elşad Hacıyev mətbuata iddiaların əsassız olduğunu deyib. Onun fikrincə, ananın sözləri müdafiə xarakterlidir və müraciət olunarsa, araşdırıla bilər. Penitensiar Xidmətdən isə, araşdırıldıqdan sonra məsələyə münasibət bildiriləcəyini deyiblər.
“Tribunat” aclıq nəticəsində vəfat edən məhbuslarla bağlı dövlətin öhdəliklərini analiz edib.
Azərbaycan məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması və onların sağlamlığının qorunması ilə bağlı bir sıra beynəlxalq və regional sənədlərə qoşulub və həmin sənədlərdən yaranan öhdəlikləri həyata keçirməyi üzərinə götürüb. Bu sənədlərdən Avropa İnsan Haqları Konvensiyasını, Avropa Penitensiar Qaydalarını nümunə göstərmək olar.
Avropa Penitensiar Qaydalarının 3-cü bölməsi sağlamlığın qorunması və tibbi xidmətə həsr olunub. Qaydaların 39.1-ci maddəsində qeyd olunur ki, penitensiar müəssisələrin müdiriyyəti bütün məhbusların sağlamlığının qorunmasını təmin edir.
Bundan əlavə penitensiar müəssisələrdə yemək qəbul etməkdən imtina edən məhkumların, habelə həbs edilmiş şəxslərin saxlanma şəraiti və onların məcburi qaydada qidalandırılması haqqında təlimatda da məhbuslarla bağlı davranış qaydaları müəyyən edilib.
Aclıq nəticəsində ölüm halları ilə bağlı isə Avropa İnsan Haqları Məhkəməsinin (bundan sonra AİHM) presedent qərarlarında Konvensiyanın 2 və 3-cü maddələri üzrə dövlətin qoruma və zərər verməmə öhdəliyi ilə bağlı bəzi məqamlar müəyyən edilib.
AİHM Renolde Fransaya qarşı işində qərara alıb ki, 2-ci maddə dəqiq müəyyən edilmiş hallarda səlahiyyətli orqanlar tərəfindən şəxsi özündən qorumaq üçün xüsusi hallarda qabaqlayıcı əməliyyat tədbirləri görməyi dövlətin pozitiv öhdəliyi kimi nəzərdə tuta bilər. Şəxsi muxtariyyəti pozmadan özünə zərər vurma imkanlarını azaltmaq üçün ümumi və ehtiyat tədbirləri mövcuddur. Məhkumla bağlı daha sərt tədbirlərin görülməsinin zəruri olub-olmaması və onların tətbiqinin ağlabatan olub-olmaması işin vəziyyətindən asılı olacaq.(Renolde Fransaya qarşı, § 81 və § 83).
Ehtiyat tədbirləri kimi qiymətləndirilən xəstələrin iradəsinin əleyhinə onların məcburi xəstəxanaya yerləşdirilməsi və ya məcburi qidalandırma hallarında Məhkəmə daha ciddi yoxlama standartları tətbiq edə və bu qərarın zəruriliyini ölçə bilər. (Fernandes de Oliveira Portuqaliyaya qarşı [GC], § 124).
AİHM-in aclıq aksiyası keçirən məhkumlarla bağlı oxşar qərarlarında qeyd edilir ki, “şəxsin zorla yedizdirilməsi alçaltma elementlərini özündə ehtiva edir ki, bu da müəyyən hallarda Konvensiyanın 3-cü maddəsi ilə qadağan olunan rəftar sayıla bilər. Lakin ... həbsdə saxlanılan şəxs aclıq aksiyası keçirirsə, bu, qaçılmaz olaraq fərdin fiziki toxunulmazlıq hüququ ilə Dövlətin Konvensiyanın 2-ci maddəsi üzrə pozitiv öhdəliyi arasında münaqişəyə səbəb ola bilər – bu elə münaqişədir ki, Konvensiya onu həll etmir”.
Eyni zamanda Məhkəmə qeyd edir ki, təbabətin oturuşmuş prinsipləri baxımından terapevtik zərurətdən irəli gələn tədbir prinsipcə qeyri-insani və ləyaqəti alçaldan sayıla bilməz. Eyni sözləri qida qəbulundan bilərəkdən imtina edən konkret məhbusun həyatını xilas etmək məqsədi daşıyan zorla yedizdirilmə haqqında da demək olar.
Bununla belə, Konvensiya orqanları tibbi zərurətin mövcudluğunun inandırıcı şəkildə nümayiş etdirildiyinə əmin olmalıdırlar. Bundan başqa, Məhkəmə əmin olmalıdır ki, zorla yedizdirilmə qərarı ilə bağlı prosessual təminatlara riayət edilib. Həmçinin aclıq aksiyası zamanı ərizəçinin məruz qaldığı zorla yedizdirilmə üsulu Məhkəmənin Konvensiyanın 3-cü maddəsi üzrə presedent hüququnda nəzərdə tutulmuş minimal qəddarlıq səviyyəsini aşmamalıdır (Nevmerjitskinin işi üzrə qərar, b. 94).
Yəni, dövlətin neqativ öhdəliyini müəyyən edən Konvensiyanın 2 və 3-cü maddələri ilə aclıq zamanı zorla qidalandırma hallarında toqquşma yaşanır. Yuxarıda da qeyd olunan AİHM qərarında olduğu kimi Konvensiya bu ziddiyyəti həll etmir. Sadəcə bu hallarda daha ciddi araşdırma tətbiq olunur, zorla yedizdirmə ilə bağlı daxili standartlara əməl olunub-olunmadığı, ekstra fiziki güc tətbiqinin olub-olmadığı yoxlanılır.
Bu, Horoz Türkiyəyə qarşı (2009) işində də əsas məsələ idi. Məhbusların yalnız şəkər və vitaminli su qəbul edərək yataqxana tipli həbsxanadan kamera tipli həbsxanaya keçirilməsinə etiraz olaraq aclıq aksiyası təşkil etmələri halları ilə bağlı idi. Aksiya nəticəsində məhbus komaya düşərək vəfat edib. Aclıq aksiyasına görə məhbusun səhhəti pisləşsə də, hakimiyyət onu azad etməkdən imtina edib. Bu imtina isə məhkumun aşkar tibbi müdaxilədən imtinasına əsaslanıb. Lakin bir neçə dəfə xəstəxanaya yerləşdirmə ehtiyacı yarananda məhbus hər hansı yardımdan imtina etsə də, xəstəxanaya yerləşdirilib. Sonda məhbus komaya girib və vəfat edib. Bu hal dövlətin passiv (mənfi öhdəlik) qalmasına dəlalət etmir, lakin onu göstərir ki, dövlət şəxsi azadlıqlara müdaxilə etmədən məhbusun həyatını (müsbət öhdəliyini) qorumaq üçün atdığı addımları sübut edə bilməlidir. Başqa sözlə desək, səlahiyyətlilərin intiharın qarşısının alınması hallarında olduğu kimi qayğı öhdəliyi də var. Konkret olaraq Horoz Türkiyəyə qarşı işində isə dövlət bu öhdəlikləri yerinə yetirdiyini sübut edə bilib: həbsxananın həkimi 11 dəfə məhbusun vəziyyətini yoxlayıb, ona vitaminlər verib, o, xəstəxanaya və təcili tibbi yardım şöbələrinə yerləşdirilib. Amma başqa sual yaranır: həbsxana məhbusu zorla yedizdirsəydi nə olardı? AİHM açıq şəkildə bildirdi ki, tibbi tələb olunmadığı halda zorla qidalandırmaq 3-cü maddənin pozulmasıdır. Beləliklə, hansısa məqamda zorla qidalandırmaq tibbi qərar ola bilərdi. Belə vəziyyətlərdə, insanın həyatı qaçılmaz təhlükə altında olduqda, dövlətlərə məcburi qidalanma ilə məşğul olmaq hələ də tövsiyə edilə bilər.
Siorap (Ciorap) Moldovaya qarşı işdə isə Məhkəmə bu nəticəyə gəldi ki, “ərizəçinin təkrar-təkrar zorla yedizdirilməsi əsaslı tibbi səbəblərdən irəli gəlməyib və ərizəçini etirazına son qoymağa məcbur etmək məqsədini daşıyıb, habelə onu zərurət olmadan böyük fiziki ağrıya və alçalmaya məruz qoyan tərzdə həyata keçirilib ki, bunu yalnız işgəncə hesab etmək olar”.
Konkret nümunədə isə Şaiq Kazımovun işi ilə bağlı hüquqi varisi olan anasının iddiasına əsasən həkimlərin müayinəsindən sonra oğlunun aclıq etmədiyi bildirilib, Şaiq sonunucu gün xəstəxanaya yerləşdirilib və orada vəfat edib. Bundan əlavə 66 kiloqram çəki itirdiyi müddətdə həkim müdaxilələrinin olub-olmadığı müəyyən deyil. Penitensiar xidmət bu haqda açıqlama verməyib.
Azərbaycanın “Penitensiar müəssisələrdə yemək qəbul etməkdən imtina edən məhkumların, habelə həbs edilmiş şəxslərin saxlanma şəraiti və onların məcburi qaydada qidalandırılması haqqında" Təlimatına əsasən məcburi qidalandırmadan qabaq tibb işçisi yemək qəbul etməkdən imtina etmiş şəxsə onu orqanizmində həyatı üçün təhlükəli dəyişikliklərin başladığını bildirir və qida qəbul etməsinin vacibliyini izah edir. Şəxs qida qəbulundan imtina edərək, məcburi qidalandırılmasına müqavimət göstərərsə, bu zaman daxili rejim qaydalarına uyğun olaraq onun hərəkəti məhdudlaşdırılır. Eyni zamanda, məcburi qidalandırılan şəxs qidalandırılma prosedurunu aparmaq üçün müvafiq vəziyyətə gətirilir. Məhkumların, həbs edilmiş şəxslərin məcburi qidalandırılması kiçik tibb heyəti tərəfindən həkimin birbaşa iştirakı və təyinatı əsasında zond vasitəsilə (və ya dərman preparatları ilə), həmçinin müdiriyyətin nümayəndələrinin iştirakı ilə həyata keçirilir.
Lakin qeyd olunan işdə məcburi qidalandırmaya müraciət edilib-edilməməsinə, bu Təlimatın müddəlaraının həyata keçirilməsinə dair hər hansı məlumat yoxdur.
“Tribunat”ın gəldiyi nəticəyə görə Şaiq Kazımovla bağlı dövlətin açıqlamaları yetərli deyil və hökumət öz pozitiv öhdəliyini lazımınca yerinə yetirdiyini sübut etməlidir.
“62 gün aclıq aksiyası keçirən şəxs təcridxanada dünyasını dəyişdi”, Meydan TV, https://www.meydan.tv/az/article/62-gun-acliq-aksiyasi-keciren-sexs-tecridxanada-dunyasini-deyisdi/
Avropa İnsan Haqları Konvensiyası,
https://www.coe.int/az/web/compass/the-european-convention-on-human-rights-and-its-protocols
Avropa Penitensiar Qaydaları, https://justice.gov.az/categories/103
“Penitensiar müəssisələrdə yemək qəbul etməkdən imtina edən məhkumların, habelə həbs edilmiş şəxslərin saxlanma şəraiti və onların məcburi qaydada qidalandırılması haqqında Təlimat”, https://e-qanun.az/framework/25285
Renolde Fransaya qarşı işi, https://hudoc.echr.coe.int/#{%22fulltext%22:[%22renolde%22],%22documentcollectionid2%22:[%22GRANDCHAMBER%22,%22CHAMBER%22],%22itemid%22:[%22001-88972%22]}
Fernandes de Oliveira Portuqaliyaya qarşı işi,
Nevmerjitski Ukraynaya qarşı işi,
https://hudoc.echr.coe.int/eng#{%22itemid%22:[%22001-68715%22]}
Horoz Türkiyəyə qarşı işi,
https://hudoc.echr.coe.int/#{%22itemid%22:[%22001-205861%22]}
Siorap Moldovaya qarşı işi,
https://hudoc.echr.coe.int/eng?i=001-105485